Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişinin ildönümünə həsr edilmiş qızlar arasında şahmat üzrə turnir keçirilib
Paylaş:
14 iyul 2022-ci il tarixində Qaxda Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişinin ildönümünə həsr edilmiş qızlar arasında şahmat üzrə turnir keçirilib.
Turnir Qax Olimpiya İdman Kompleksində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Şahmat Federasiyası, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və “Nəfəs” İnsanlığa Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarından olan 170 qızın iştirakı ilə baş tutub.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış nitqi ilə çıxış edən Qax rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev bu tarixi günün əhəmiyyətini vurğulayaraq turnir iştirakçılarına uğurlar arzulayıb. Ulu Öndərin Azərbaycanın inkişafı yolunda xidmətlərindən, idmanın inkişafına göstərdiyi diqqət və qayğıdan, Qax rayonunda şahmatın inkişafındakı xüsusi rolundan danışan M.Şəkiliyev bildirib ki, yarışın keçirilməsində məqsəd rayonda şahmatın kütləviliyini təmin etmək, həmçinin qız şahmatçıların ustalıqlarını artırmaqdır.
Daha sonra Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva iştirakçıları salamlayaraq onlara uğurlar arzulayıb. Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edən A. Sofiyeva Ulu Öndərin siyasi hakimiyyətə gəlişinin Azərbaycanın tarixində əhəmiyyətli rol oynadığını bildirib. O, əlavə edib ki, məhz həmin tarixdən başlayaraq ölkə həyatının bütün sahələri köklü islahat və sürətli inkişaf yoluna qədəm qoydu. Sədr müavini şahmatın inkişafı və istedadlı şahmatçıların, xüsusilə də qızların aşkarlanaraq inkişaf etdirilməsi və bunun sayəsində qazanılan uğurların təməlində Heydər Əliyevin diqqət və qayğısı olduğunu bildirib.
A. Sofiyeva tədbirin əhəmiyyətini vurğulayaraq qeyd edib ki, turnir qızlar arasında intellektual oyunlara marağın təşviqi, analitik düşünmə qabiliyyətinin formalaşdırılması və onların asudə vaxtının səmərəli təşkil edilməsi baxımından əhəmiyyətli rol oynayır.
Daha sonra Azərbaycan Şahmat Federasiyası adından beynəlxalq qrossmeyster Zeynəb Məmmədyarova çıxış edərək, Federasiyanın qadın şahmatının inkişafına böyük önəm verdiyini vurğulayıb. O, şahmat turnirinin Qaxda keçirilməsinin heç də təsadüfi olmadığını, bu diyarın güclü şahmat ənənələri olduğunu diqqətə çatdırıb. Z. Məmmədyarova bildirib ki, layihə il boyu davam edərək bütün regionları əhatə edəcək və şahmatçıların inkişafında böyük rolu olacaq.
Tədbirin davamında “Nəfəs” İnsanlığa Dəstək İctimai Birliyinin sədri Firəngiz Balakişiyeva layihənin əhəmiyyəti haqqında fikirlərini bölüşüb.