Ümummilli Liderin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi tarixdən 53 il ötür

14 iyul 2022

Paylaş:

1969-cu il 14 iyul tarixi Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi gün, milli özünüdərkin oyanması və ölkəmizin inkişaf yolunun başlanğıcı kimi qürurla xatırlanır.

Ulu Öndər Heydər Əliyevin Azərbaycan KP MK-nın I katibi təyin olunması ilə Azərbaycanın sosial-iqtisadi həyatında inkişafın bünövrəsi qoyuldu. Onun rəhbərliyi ilə Avqust plenumunun keçirilməsi ölkədəki iqtisadi vəziyyətin təhlili üçün yeni imkanlar açdı, ölkədəki acınacaqlı vəziyyətin, iqtisadi tənəzzülün, rüşvət və korrupsiya hallarının qarşısının alınması üçün mühüm tədbirlər həyata keçirildi, ölkəmiz əsaslı quruculuq yoluna qədəm qoydu.

Dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycanın sosial-iqtisadi və mədəni inkişafı yolundakı tarixi xidmətləri bir daha göstərir ki, həyata keçirilən bütün islahatlar ölkənin gələcək inkişaf strategiyasına uyğun hesablanmışdı. O, dövlətçiliyimizin daha da möhkəmləndirilməsi və demokratiyanın bərqərar olunması istiqamətində misilsiz işlər görmüş və ölkənin gələcəyini müəyyən etmiş şəxsiyyət kimi tarixə adını qızıl hərflərlə yazdırmışdı. Heydər Əliyevin azərbaycançılıq ideyası hər bir soydaşımızda xalqın nə vaxtsa öz azadlığına, istiqlaliyyətinə qovuşacağına inam yaratmışdı.

Ulu Öndər respublikamıza ilk dəfə rəhbər təyin edildiyi vaxtdan etibarən fəaliyyətinin hər dövründə qadın hüquqlarının müdafiə edilməsi, qadınların səlahiyyətləndirilməsi və imkanlarının artırılması, milli-mənəvi və ailə dəyərlərinin yaşadılması, uşaqların keyfiyyətli təhsil və səhiyyə xidmətləri ilə əhatə olunması, vətənpərvər övlad kimi böyüməsi məsələsinə xüsusi önəm verirdi.

Ümummilli Lider Heydər Əliyevin xatirəsi hər bir azərbaycanlının qəlbində daim yaşayacaq, xalqın yaddaşında əbədi olaraq qalacaqdır.