Dövlət Komitəsi birinci yarımilə yekun vurdu

8 iyul 2022

Paylaş:

8 iyul 2022-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Kollegiyasının 2022-ci ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş iclası keçirilib.

İclasda kollegiya üzvləri, Komitənin 11 Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin direktorları, İctimai şuranın üzvləri və media nümayəndələri iştirak edib.

Dövlət Komitəsinin sədri Bahar Muradova salamlama nitqi ilə çıxış edərək, ümumilikdə 2022-ci ilin ilk yarımilinin ölkə üçün uğurlu olduğunu, Komitənin də öz növbəsində fəaliyyətini Azərbaycan Respublikasının qanunlarına, əsasnaməsinə, illik fəaliyyət planlarına, təsdiq edilmiş dövlət proqramlarına və qurumlararası fəaliyyət planlarına uyğun olaraq qurmuşdur.

Ölkəmizdə həyata keçirilən dinamik inkişaf siyasətinin bütün sahələrdə olduğu kimi ailə, qadın və uşaq siyasətinin həyata keçirilməsi istiqamətində də nailiyyətlərin əldə edilməsinə səbəb olduğunu qeyd edən Bahar Muradova bildirib ki, cari yarımil ərzində Komitə 10 dövlət proqramı üzrə öhdəlikləri, eyni zamanda 4 Milli Fəaliyyət Planlanının icrası istiqamətində tədbirlər həyata keçirmişdir. Mart və iyun aylarında keçirilən “açıq qapı” günləri haqqında danışan Komitə sədri bildirib ki, müxtəlif mövzularla bağlı müraciət edən 747 vətəndaşa psixoloji, hüquqi və sosial problemlərin həlli üzrə dəstək göstərilmişdir.

Ailə məsələləri sahəsində həyata keçirilən genişmiqyaslı tədbir və layihələri diqqətə çatdıran Komitə sədri bildirib ki, bu müddət ərzində müxtəlif mövzularla bağlı 2 şəhər və 7 regionda 2582 nəfərin (və 101 ailə) iştirakı ilə 32 tədbir keçirilmişdir. Beynəlxalq Ailə Günü münasibəti ilə 110 ailənin iştirakı ilə keçirilən “Ailə festivalı”nı xüsusi qeyd edən B. Muradova əlavə edib ki, Təhsil Nazirliyi və Rayon İcra hakimiyyətləri ilə birgə erkən nikahların və qız uşaqlarının təhsildən yayınmasının qarşısının alınması məqsədilə 10 görüş təşkil edilmişdir.

Qadın məsələləri sahəsində görülən işlər haqqında məlumatları qeyd edən B.Muradova cari ilin birinci yarımili ərzində 5 regionda 256 nəfərin iştirakı ilə 4 layihənin həyata keçirildiyini, ümumilikdə müxtəlif mövzularla bağlı 1190 nəfərin iştirakı ilə 6 regionda 14 tədbirin keçirildiyini bildirib. O, Beynəlxalq Qadınlar Günü münasibəti ilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təltif olunan qadınlara mükafatların təqdim edildiyini xüsusi qeyd edib. Əlavə edib ki, “Sahibkarlığa və Məşğulluğa İqtisadi Dəstək” layihəsi çərçivəsində Sumqayıt, Xaçmaz və Bərdə Qadın Resurs Mərkəzləri açılmışdır.

Uşaq hüquqlarının müdafiəsi sahəsində görülən tədbirləri diqqətə çatdıran Komitə sədri cari ilin yarımili ərzində müxtəlif mövzularla bağlı 2 layihə, 500 nəfərin iştirakı ilə 8 tədbir keçirilmişdir. Ümumilikdə Bakı şəhəri və UADM-lər də daxil olmaqla 14 regionda 956 nəfərin iştirakı ilə 17 tədbir, “Azəralüminium” MMC ilə əməkdaşlıq çərçivəsində 250 nəfərin iştirakı ilə qanvermə aksiyası təşkil edilmişdir. O bildirib ki, informasiya məhsulunun yaş təsnifatının aparılması üzrə ekspertə ixtisas attestatı verilmiş, “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”na əsasən uşaq hüquqlarının təmin edilməsi vəziyyətinə dair 2021-ci il üzrə ölkə hesabatı hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilmişdir. Uşaq səfirlər Məclisinin təşəbbüsü ilə keçirilən tədbirləri qeyd edən B. Muradova Komitə və ADA Universitetinin birgə təşkilatçılığı ilə “Şuşa-mədəni irsimiz” adlı intellektual yarışın əhəmiyyətini xüsusi qeyd edib.

O, regionlarda əhaliyə göstərilən xidmətlərin vacibliyini vurğulayaraq, bildirib ki, Uşaq və Ailələrə Dəstək Mərkəzlərinə müxtəlif mövzulara dair 1624 müraciət edilmiş, müraciətlərdən 997-si təmin olunmuşdur. Mərkəzlərin fəaliyyətindən ümumilikdə 12278 nəfər bəhrələnmişdir. Mərkəzlərdə açılan 2643 fərdi keysin 1964-ü uğurlu olmuş, 406 ailəyə səfər edilmişdir. “Postmüharibə dövründə uşaqlar və şəhid ailələrinə psixososial dəstək” layihəsi, “Ailədən-ailəyə” dəstək layihəsi, Könüllülük və Tələbə təcrübə proqramı xüsusi qeyd edilib.

Prezident İlham Əliyevin tapşırığına əsasən keçirilən regional qəbullarda 62, Komitədə təşkil olunan qəbullarda isə 30 nəfərlə yanaşı Komitəyə daxil olan 2134 vətəndaşın müraciətinə baxıldığını qeyd edib.

B. Muradova vətəndaş cəmiyyəti institutları, kütləvi informasiya vasitələri, digər ölkələr və beynəlxalq təşkilatlar ilə səmərəli əməkdaşlığın qurulduğunu vurğulayaraq bu səmərəli əlaqələrin uğurla davam edəcəyinə əminliyini ifadə edib.

Daha sonra Komitənin əsas fəaliyyət istiqamətləri üzrə 2022-ci il üçün nəzərdə tutulan və görüləcək işləri diqqətə çatdırıb.

İctimai şuranın sədri, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov Komitənin qeyri-hökumət təşkilatları ilə əməkdaşlığının təqdirəlayiq olduğunu qeyd edərək, cari ilin ötən 6 ayı ərzində müxtəlif istiqamətlərdə əhəmiyyətli tədbirlərin keçirildiyini diqqətə çatdırıb. O, xüsusilə də əsasnaməsinə uyğun olaraq, eləcə də dövlət proqramlarının icrası istiqamətində Komitə tərəfindən müvafiq işlərin görüldüyünü, məlumatlandırma və maarifləndirmə, eləcə də dəstək proqramlarının icra edilməsinin mühüm əhəmiyyət kəsb etdiyini qeyd edərək, əmək bazarında qadınların təmsilçiliyi, monitorinq və aliment məsələləri istiqamətində təkliflərini səsləndirmişdir.

Dövlət Komitəsinin Xarici əlaqələr və protokol xidməti şöbəsinin müdiri Fərid Ədilov BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğv olunması üzrə Komitəsinin (CEDAW) 82-ci sessiyasında Konvensiya üzrə 6-cı dövri hesabatın yekun nəticələri barədə çıxış edərək bildirib ki, CEDAW Komitəsinin ekspertləri Azərbaycan Hökumətinin gender bərabərliyinin təminatı və qadınların səlahiyyətləndirilməsinə dəstək proqramlarını yüksək qiymətləndiriblər. Sual-cavab sessiyası zamanı ekspertlər ölkədə qadınların siyasi və ictimai həyatda iştirakçılığının artırılması üzrə tədbirləri, kənd qadınlarına göstərilən dəstək xidmətlərini, insan alveri, məişət zorakılığı ilə mübarizəyə dair milli fəaliyyət planlarını, eləcə də cins əsaslı seçimin qarşısının alınmasına dair qəbul edilmiş tədbirlər planını xüsusi olaraq qeyd ediblər.

Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin müdiri Cəmilə Bağırova “BMT-nin Uşaq hüquqları Komitəsinə (CRC) təqdim ediləcək hesabata hazırlıq işləri barədə məlumat verərək bildirib ki, Azərbaycan Hökumətinin beşinci və altıncı dövri məruzəsinin dinlənilməsi gələn ilin yanvar-fevral ayında nəzərdə tutulmuşdur. O, qeyd edib ki, bununla bağlı hazırlıq işləri davam etdirilir. BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasına dair Azərbaycan Hökumətinin beşinci və altıncı dövri məruzəsi 2018-ci ildə hazırlanaraq təqdim edilmişdir. Ünvanlanan əlavə suallar müvafiq dövlət qurumları həmçinin, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin də cavabları əsasında hazırlanmış və ümumiləşdirilərək Komitəyə təqdim edilməsi üçün 13 may 2022-ci il tarixində Xarici İşlər Nazirliyinə göndərilmişdir.

Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollegiyası tərəfindən kollegiya iclasının gündəliyindəki mövzular üzrə qərarlar qəbul edilib.

İclasda cari ilin yanvar-iyun ayları ərzində görülmüş işlər barədə məruzələr və təkliflər dinlənilib. Dövlət Komitəsinin sədr müavinləri Sədaqət Qəhrəmanova, Aynur Sofiyeva, aparat rəhbəri Ceyran Rəhmətullayeva, İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov, Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova çıxış edərək, ailə, qadın və uşaq məsələləri istiqamətində, eləcə də məişət zorakılığı və digər mənfi hallar ilə mübarizə məqsədilə qarşıda duran vəzifələrin icrası ilə bağlı fikirlərini bölüşüblər.

Ardınca İctimai şuranın üzvləri Mehriban Zeynalova və Kəmalə Aşumova Komitənin fəaliyyət istiqamətləri, eləcə də əməkdaşlığın daha da inkişaf etdirilməsi, qurumlar arasında koordinasiyalı işin təşkili ilə əlaqədar fikir və təkliflərini səsləndiriblər.

Bahar Muradova yekun nitqi ilə çıxış edərək, iclas iştirakçılarına təşəkkürünü bildirib və Komitənin 2022-ci ilin növbəti yarımili ərzində də genişmiqyaslı tədbirlərin davam etdiriləcəyini bildirib və Komitənin gələcək fəaliyyəti ilə bağlı tapşırıqları diqqətə çatdırıb.