Dövlət Komitəsinin nümayəndəsi İstanbulda “Avropa İttifaqı Gender Bərabərliyi naminə: Gender stereotiplərinə və gender-əsaslı zorakılığa qarşı” (EU4GE) proqramı üzrə Tərəflərin 2-ci görüşündə iştirak edib
Paylaş:
5-6 iyul 2022-ci il tarixlərində İstanbul şəhərində Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin Əhali Fondu (UNFPA) və BMT-nin Qadınlar üzrə Agentliyinin (UN Women) birgə həyata keçirdiyi “Avropa İttifaqı Gender Bərabərliyi naminə: Gender stereotiplərinə və gender-əsaslı zorakılığa qarşı” (EU4GE) proqramı üzrə Tərəflərin 2-ci görüşü keçirilib.
Görüşdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Xarici əlaqələr və protokol xidməti şöbəsinin müdiri Fərid Ədilov iştirak edib.
İki gün davam edən görüşlərdə BMT-nin Əhali Fondu və Qadınlar üzrə Agentliyinin 6 ölkədən olan nümayəndələri, layihənin həyata keçirildiyi ölkələrin dövlət orqanlarının nümayəndələri, həmçinin vətəndaş cəmiyyəti, özəl sektor və Avropa Birliyinin təmsilçiləri iştirak ediblər.
Görüşün təşkilində məqsəd ölkələrin və regional səviyyədə təcrübənin, eləcə də mövcud çətinlik və əldə edilmiş nəticələrin mübadiləsi, zərərli gender stereotiplərinə qarşı mübarizə ilə bağlı yeni bir platfromanın formalaşdırılması, növbəti illərdə layihənin icrası üçün praktiki tövsiyələrin hazırlanmasıdır.
2 günlük tədbir sessiyalarla davam edib.
Sessiyalar “Gender bərabərliyini təşviq etmək və qadınlara qarşı zorakılığın qarşısını almaq üçün davranış və sosial normaların dəyişdirilməsi”, “Gender norma və stereotipləri barədə data və məlumatların artırılması ilə dəyişikliyə təsir etmək”, “Məşğul atalığı və ev məsuliyyətinin bərabər şəkildə bölüşdürülməsini təşviq etməklə kişilərin gender bərabərliyi üçün cəlb edilməsi”, “Zərərli gender stereotiplərini aradan qaldırmaq üçün innovativ kommunikasiya və çevik həll yolarını tapmaq üçün vətəndaş cəmiyyəti ilə əməkdaşlıq”, “Şərq Tərəfdaşlığı regionunda məişət zorakılığını törədənlər üçün proqramlar-təhlil və tövsiyələr” mövzularına həsr edilmişdir.