Dövlət Komitəsinin aparat rəhbəri AŞ-nın Uşaq Hüquqları üzrə Rəhbər Komitəsinin iclasında iştirak edib

4 iyul 2022

Paylaş:

4-6 iyul 2022-ci il tarixlərində Avropa Şurasının Uşaq Hüquqları üzrə Rəhbər Komitəsinin (CDENF) 5-ci iclası keçirilib.

3 gün davam edən iclas zamanı Avropa Şurasının yeni 2022-2027-ci illər üçün 6 strateji məqsədi müzakirə edilib. Eyni zamanda uşaqların psixi sağlamlığı ilə bağlı süni intellekt və internet təhlükəsizliyi ilə bağlı sənədlər barədə fikir mübadiləsi aparılıb.

Onlayn formatda keçirilən iclasda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri, uşaq inkişafı mütəxəssisi Ceyran Rəhmətullayeva çıxış edərək, “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası” üzrə həyata keçirilən tədbirlər və qanun layihələrindən irəli gələn normativ hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı hazırlanmış yeni sənədlər haqqında məlumatları diqqətə çatdırıb.

İclas çərçivəsində Rəhbər Komitəyə yeni sədr, sədr müavini və büro üzvünün seçimi baş tutub.