Uşaq və Ailələrə Dəstək Mərkəzlərinə xidməti nəqliyyat vasitələri təqdim edildi

4 iyul 2022

Paylaş:

4 iyul 2022-ci il tarixində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 may 2022-ci il tarixli Sərəncamı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 11 Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin istifadəsinə verilmiş nəqliyyat vasitələrinin təqdimatı keçirilib.

Zaqatala, Goranboy, Qəbələ, Hacıqabul, Sabirabad, Saatlı, İsmayıllı, Göygöl, Şüvəlan, Ağdam və Zərdabda vətəndaşlara xidmət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzlərinə nəqliyyat vasitələrinin ayrılmasında məqsəd vətəndaşların problemlərinə daha çevik reaksiya vermək və onların xidmətlərə əlçatanlığını təmin etməkdir.

Həssas təbəqədən olan əhali üçün zorakılıq və digər mənfi hallara qarşı operativ reaksiya vermək və ailələrin vəziyyətini qiymətləndirmək də xüsusi məqsədlər sırasındadır.

Vətəndaşlara göstərilən xidmətlərin daha geniş ərazini əhatə etməsi, mərkəzlərə gəlmək imkanı olmayan insanların ailələrinə səfər edilməsi və onlara psixososial dəstəyin verilməsi baxımından xüsusi əhəmiyyətə malik nəqliyyat vasitələrinin istifadəyə verilməsi ölkə başçısının və hökumətin sosial məsələlərə olan diqqətinin bariz nümunəsidir.

Bugündən etibarən regionlara yola salınan nəqliyyat vasitələri regionlarda görülən sosial yönümlü işlərin daha da genişlənməsinə və işin daha mütəşəkkil formada aparılmasına xidmət edəcəkdir.