Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) sağlam həyat tərzinin təbliği istiqamətində maarifləndirmə tədbirləri keçirir

24 iyun 2022

Paylaş:

İnsanların sağlamlığının qorunması prioritet məsələlərdən biri kimi daim ölkəmizdə diqqət mərkəzində saxlanılır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq aidiyyəti dövlət orqanları, qeyri-hökumət təşkilatlarının dəstəyi ilə sağlam həyat tərzinin təbliği, narkotik və psixotrop maddələrin zərərləri haqqında məlumatlılığın artırılması məqsədilə geniş maarifləndirmə işləri aparılır.

Bu baxımdan Dövlət Komitəsinin Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Göygöl, Goranboy, Zərdab, Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin fəaliyyət göstərdiyi rayonlarda, o cümlədən kənd və qəsəbələrdə sakinlər arasında, təhsil müəssisələrində keçirilən silsilə tədbirlərdə rayon icra hakimiyyətlərinin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, məktəblərin müəllim-şagird kollektivləri, valideynlər, gənclər, könüllülər iştirak ediblər.

Maarifləndirmə tədbirləri zamanı narkomaniyanın dünyanı narahat edən əsas problemlərdən biri olduğu iştirakçıların diqqətinə çatdırılıb, narkotik maddələrin sağlamlığına vurduğu zərərlər barədə təqdimatlar və video çarxlar əsasında ətraflı məlumat verilib.

Tədbirdə yeniyetmə və gənclərə asudə vaxtlarını səmərəli keçirmək, idman, incəsənət və ictimai faydalı əməklə məşğul olmaq tövsiyə edilib.