Komitə sədri BMT-nin Əhali Fondunun regional direktoru ilə görüşüb

22 iyun 2022

Paylaş:

22 iyun 2022-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova BMT-nin Əhali Fondunun (UNFPA) Türkiyədəki nümayəndəsi, Azərbaycan və Gürcüstan üzrə ölkə direktoru Hassan Mohtaşami ilə görüşüb.

Qonaqları salamlayan Dövlət Komitəsinin sədri Bahar Muradova, qadınların hüquqlarının təmin olunması ilə bağlı məsələlərin aktuallığını qeyd edərək, postpandemiya və postmüharibə dövründə daha böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, uzun illərdir UNFPA ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirləri yüksək qiymətləndirib və BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğv olunması üzrə Komitəsinin 82-ci sessiyasında CEDAW Konvensiyası üzrə altıncı dövri hesabat zamanı da bu layihələr barədə geniş məlumat verildiyini, Azərbaycandakı missiyanın işinin öhdəsindən layiqincə gəldiyini qeyd edib.

Çıxışının davamında Bahar Muradova, məişət zorakılığı ilə mübarizə, qızların və qadınların gücləndirilməsi, sahibkarlıq sahəsində təmsilçiliyinin artırılması istiqamətində layihələrin həyata keçirilməsinin, eləcə də qadınların innovativ yollarla problemlərin həllinə cəlb olunmasının əhəmiyyətindən bəhs edib.

Komitə sədri, sülh quruculuğu dövründə işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi, eləcə də məcburi köçkünlərin öz torpaqlarına qayıtmasının Azərbaycan üçün prioritet məsələ olduğunu bildirib və danışılan mövzuların hazırkı dövrdə xüsusilə diqqət tələb etdiyini, bu sahədə əməkdaşlığın vacibliyini diqqətə çatdırıb.

UNFPA-nın regional direktoru Hassan Mohtaşami səmimi qəbula görə təşəkkür edərək, müharibədən sonrakı dövrdə işğaldan azad olunan torpaqlarda müharibənin təsirinə məruz qalmış insanlara dəstəyin göstərilməsi ilə bağlı əməkdaşlığın davam etdiriləcəyini vurğulayıb. O, qadının hüququna hörmət edildiyi zaman cəmiyyətə töhfə verildiyini bildirərək, Azərbaycanda qadınların hüquqlarının, gender bərabərliyinin təmin olunması sahəsində görülən işləri yüksək qiymətləndirib. Sonda H. Mohtaşami, Dövlət Komitəsi ilə əməkdaşlığın uğurla və uzunvədəli əsaslarla davam edəcəyinə ümidini ifadə edib.

Görüşün davamında digər mühüm sahələr üzrə həyata keçiriləcək müştərək layihələr barədə müzakirə aparılıb və əməkdaşlıq perspektivlərindən danışılıb.

Görüşdə UNFPA-nın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Fərid Babayev, Dövlət Komitəsinin Xarici əlaqələr və protokol xidməti şöbəsinin müdiri Fərid Ədilov iştirak edib.