Gürcüstan hökumətinin təşkilatçılığı ilə onlayn görüş keçirilib

1 iyun 2022

Paylaş:

BMT-nin Əhali Fondu (UNFPA) və Gürcüstan hökumətinin təşkilatçılığı ilə "Oğlan uşaqlarına üstünlük verilməsi və gender əsaslı cins seçiminə dair Nazirliklər arası Bəyannamə üzrə növbəti dialoq" mövzusunda keçirilən onlayn görüşdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova iştirak edib.

Görüş çərçivəsində Bəyannamənin öhdəliklərinin yerinə yetirilməsi istiqamətində görülmüş işlər və əldə olunmuş nəticələri təqdim etmək üçün üzv dövlətlər və vətəndaş cəmiyyəti təşkilatları bir araya gələrək müzakirələr aparıblar.

Çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 24 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”nın icrası istiqamətində Komitə tərəfindən həyata keçirilən tədbirlər haqqında iştirakçılara geniş məlumat verib. Həmçinin, AQUPDK-nın və BMT-nin Əhali Fondunun (UNFPA) ilə birgə həyata keçirdiyi layihələri xüsusi vurğulayıb.

Daha sonra digər ölkələrin nümayəndələri mövzu ətrafında fikir mübadiləsi apararaq, oğlan uşaqlarına üstünlük verilməsinə və gender əsaslı cins seçiminə son qoyulmasına dair təkliflər səsləndiriblər.