“Həyat gözəldir, yaşamağa dəyər!” şüarı ilə keçən ömür

18 may 2022

Paylaş:

“Ailələrimizi tanıyaq” layihəsinin növbəti qonağı Gədəbəy rayonundan olan Əliyevlər ailəsidir.

Ailənin başçısı Vüsal bəy Gədəbəy rayonunun Slavyanka kəndində, həyat yoldaşı Qərənfil Əliyeva isə Zərdab rayonunun Məlikli kəndində anadan olub. Hazırda ailə Slavyanka kəndində yaşayır. Sağlamlıq imkanları məhdud olan hər iki ailə başçısı dekorativ tətbiqi sənət sahəsini seçiblər.

Vüsal Əliyev taxta üzərində oyma sənəti ilə məşğuldur, daha çox milli ruhda suvenirlər hazırlayır. O, bir çox sərgi və müsabiqələrdə iştirak edərək respublika birinciliyini əldə edib. Vüsal bəy özü haqda danışan zaman tez-tez ailəsini, övladlarını sevdiyi qədər sənətini də sevdiyini xüsusilə vurğulayır.

Qərənfil xanım isə xalçaçılıq sənətinin mükəmməl bilicisidir. O, Ulu öndər Heydər Əliyevin portretini toxuyaraq respublika birinciliyini əldə edib. O, həmçinin incəsənətin toxuma, bədii tikmə, dərzilik, oyma kimi növləri ilə də məşğul olur.

Ailənin iki övlad var. Vüsal bəy övladları barədə xüsusi qürur ilə danışır. Valideynlərin torpağa, bayrağa, vətənə olan sevgisinin nəticəsi kimi ailədə vətənpərvərlik ruhunda tərbiyəyə xüsusi önəm verilir.

Vüsal bəy sonda əlavə edir: “Həyatdan daha nə istəyə bilərəm. Bu xoşbəxtlik deyilmi? Həyatımızdan çox razıyıq, çox xoşbəxtik, işimizdən, sənətimizdən zövq alırıq. İkimiz də müsabiqələrdə qalib gəlmişik. Hədəfimiz beynəlxalq sərgilərdə iştirak edərək, birincilik əldə etməkdir. Şüarımız: “Həyat gözəldir, yaşamağa dəyər!”.