"Azərbaycan ailə modelinin inkişaf strategiyası" konfransı keçirilib

18 may 2022

Paylaş:

Bahar Muradova: “Məqsədimiz çətin vəziyyətdə olan ailələrin sayının azadılmasına nail olmaqdır. Ailələrin azad, təhlükəsiz yaşaması və müasir tendensiyalarla uyğunlaşması üçün hamımız çalışmalıyıq"

18 may 2022-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Azərbaycan ailə modelinin inkişaf strategiyası” adlı konfrans keçirilib.

Konfransın əsas məqsədi ailə məsələləri mövzusunda ictimai müzakirələrin təşkili, həmçinin müasir cəmiyyətdə sağlam ailə modelinin, ailə institutunun formalaşmasına yönəlmiş effektiv mexanizmlərin yeni formatlarının müzakirəyə qoyulmasıdır.

Qonaqları salamlayan Dövlət Komitəsinin sədri Bahar Muradova “Ailə Günü”nün keçdiyi tarixi yola nəzər salaraq, ölkəmizdə bu günün 2007-ci ildən qeyd olunduğunu diqqətə çatdırıb. O, ailə bayramları çərçivəsində ailə institutunun bu günü və gələcəyi, ailələrin üzləşdiyi çətinliklər, onların rifahı üçün qəbul olunan beynəlxalq sənədlərin, eləcə də milli qanunvericilik aktlarının üzərimizə qoyduğu öhdəliklər və digər mühüm mövzularda çoxsaylı müzakirələrin aparıldığını qeyd edib. Komitə sədri əlavə edib ki, ailə institutunun inkişafı məqsədilə həyata keçirilən tədbirlər, müzakirələrə baxmayaraq bu sahədə müəyyən çətinliklər yenə də qalmaqdadır: “Ailə elə bir cəmiyyət və elə mühitdir ki, bir çox qanunlar onun astanasına qədər işləyir. Hər ailənin öz idarəetmə üsulu, öz yanaşması, mövqeyi mövcuddur. Bu baxımdan nə qədər ki cəmiyyət və inkişaf var bu problemlər hər zaman bizi müşayiət edəcək”.

Bahar Muradova ailələrimizi inkişafımızın əsas mənbəyi və istinad nöqtəsi kimi qəbul etdiyimizə görə, bu proseslərdə üzləşdiyimiz çətinlikləri daha çox müzakirə edərək, tənqid və qınaq obyektinə çevrildiyimizi qeyd edib. O, belə həssas sahədə yalnız bir neçə qurumun fəaliyyətinin müsbət nəticəsinin mümkünsüz olduğuna diqqət çəkərək, dövlət qurumları ilə yanaşı vətəndaş cəmiyyəti institutları, media nümayəndələri, elm xadimləri və bütövlükdə siyasətçilərə davamlı olaraq bu məsələlərlə bağlı proseslərə öz töhfələrinə görə təşəkkürünü bildiririb və bugünkü tədbirin birgə əməyin nümunəsi olduğunu vurğulayıb.

Şəhər və regionlarda yaşayan ailələr arasında mövcud fərqlərə diqqət çəkən sədr, şəhərlərdə yaşayan ailələrə mühitə və şərtlərə uyğun olaraq mövcud tendensiyaların təsirindən bəhs edib. Qarşıda duran missiya qəlizdir -urbanizasiya və ailə, kəndlərdə ailə münasibətləri və s.

B.Muradova bizlərə bütün bayramları, o cümlədən Ailə Bayramını əsl ailə mühitində sevinc, qürur və fərəh içərisində keçirmək üçün şərait yaradan Ali Baş Komandana, Ordumuza və Azərbaycan xalqına - bu birliyə borclu və minnətdarıq olduğumuzu qeyd edib. O, Vətən müharibəsində öz yaxınlarını, doğmalarını itirən ailələri, şəhidlərimizi yad edərək, müharibə iştirakçılarına və qazilərimizə can sağlığı arzu edib.

Ailə gününün hər birimizin, bütövlükdə dövlətin, cəmiyyətin diqqətini ailə məfhumuna, ailə institutuna yönəltmək üçün bir imkan olduğunu qeyd edən Milli Məclisin İnsan hüquqları Komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heydətinin sədri Zahid Oruc əlavə edib ki, milli maraqlarımızı qoruyan bu sosioloji fenomenin yaxın onilliklərdə qlobal miqyasda məruz qaldığı təsirlər son yüz illə müqayisədə daha da artıb.

O, bildirib ki, universal xarakterinə görə beynəlxalq institut kimi ən güclü təməl olan, həmçinin dövlətin sütunu sayılan ailə indi qlobal məkanda tədricən milli-mənəvi dəyərlər zəncirinin zəif həlqəsinə çevrilib. Azərbaycanın möhkəm ailə institutunun əsrlər boyu müxtəlif sınaqlara qatlaşmaq, fərqli ideoloji və siyasi quruluşlarda özünü qorumaq qabiliyyəti xüsusi vurğulanıb.

Azərbaycanın yeni tarixi mərhələyə - Qarabağın azad edilməsi ilə başlayan bir dövrə qədəm qoyduğunu bildirən millət vəkili onu da əlavə edib ki, ölkəmizdə bir milyondan artıq insanla bağlı işlədilən qaçqın və məcburi köçkün ifadəsi artıq tarixə qovuşub və Böyük Qayıdış nəticəsində həmin ailələr öz doğma torpaqlarına qovuşacaqlar.

Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yanında “İctimai Şura”nın sədri Sahib Məmmədovun moderatorluğu ilə Konfrans çərçivəsində bir sıra mövzuların müzakirəsi təşkil olunub.

AMEA Qadınlar Şurasının sədr müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Mahrux Nəcəfli “Mövcud ailə sisteminin elmi-nəzəri əsasları”, Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov “Ənənəvi və müasir mediasiya”, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Audiovizual media üzrə eksperti Səbinə Seyidova “Azərbaycan mediasında ailə obrazının işıqlandırılması”, BMT-nin Əhali Fondunun layihələr üzrə koordinatoru Səbinə Manafova “Ailə institutunun formalaşmasında yeni təşəbbüslər və müasir tendensiyalar” mövzularında təqdimatla çıxış ediblər.

Dövlət qurumlarının, elm və mədəniyyət xadimlərinin, görkəmli ziyalıların, ictimaiyyət nümayəndələrinin və Bakı şəhərində yaşayan fəal ailələrin iştirakı ilə baş tutan Konfrans müzakirələrlə davam edib.