Uşaq və Ailələrə Dəstək Mərkəzlərində Beynəlxalq Ailə Günü ərəfəsində silsilə tədbirlər həyata keçirilir

13 may 2022

Paylaş:

BMT Baş Assambleyasının qətnaməsinə müvafiq olaraq 1994-cü ildən etibarən hər il 15 may tarixi bütün dünyada “Beynəlxalq Ailə Günü” kimi qeyd edilir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq və Ailələrə Dəstək Mərkəzlərində Beynəlxalq Ailə Günü ərəfəsində silsilə tədbirlər həyata keçirilir.

Zaqatala UADM tərəfindən tədbir çərçivəsində pleksit, serebral iflic, yastı pəncəlik və onurğa əyriliyi xəstəlikləri olan 1-18 yaş arasında 27 uşaq həkim müayinəsindən keçib və valideynlərə lazımi məsləhətlər verilib.

Qəbələ UADM-in əməkdaşları və könüllüləri uzunömürlü, nümunəvi ailələrdən olan Bilalovlar ailəsini ziyarət ediblər. Ailə başçısı gənc ailələrlə öz həyat təcrübəsini bölüşüb, onlara tövsiyələrini verib.

Goranboy və Zərdab UADM-lər tərəfindən mərkəzlərdə və təhsil müəssisələrində məktəblilər arasında ailə dəyərlərinin qorunması və təbliği istiqamətində bir sıra təlimlər keçirilib. Tədbirdə sosial videoçarxlar nümayiş olunub, maarifləndirmə materialları paylanılıb.

Qeyd edək ki, Beynəlxalq Ailə Günü münasibətilə tədbirlər növbəti həftə ərzində də davam etdiriləcək.