Regionlarda məişət zorakılığının qarşısının alınması istiqamətində tədbirlər davam edir

10 may 2022

Paylaş:

Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın icrası, məişət zorakılığının qarşısının alınması istiqamətində tədbirlərin gücləndirilməsi və regionlarda zorakılıqla mübarizə sahəsində maarifləndirmə işinin aparılması məqsədilə Qax Rayon Heydər Əliyev Mərkəzində görüş keçirilib.

Görüşdə Qax, Balakən, Zaqatala, Oğuz rayon və Şəki şəhər İcra Hakimiyyətlərində yaradılmış Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun üzvləri iştirak edib.

Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova çıxış edərək, məişət zorakılığının qarşısını almaq üçün qabaqlayıcı tədbirlərin görülməsinin zəruriliyindən danışıb. O, bu istiqamətdə bələdiyyələrin imkanlarından istifadə olunmasının vacibliyini vurğulayıb.

Görüşdə iştirak edən monitorinq qruplarının sədrləri öz çıxışlarında baş vermiş məişət zorakılığı halları ilə bağlı monitorinq qruplarına daxil olmuş müraciətlər və bu sahədə görülmüş işlər, o cümlədən ailə münasibətlərindən irəli gələn bir sıra məsələlər barədə məlumatlar veriblər.

Daha sonra “Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə” mövzusunda Qax rayon Peşə Liseyində təhsil alan gənclər və müəllimlər üçün Dövlət Komitəsinin hüquqi-təminat şöbəsinin baş məsləhətçisi Tural Hüseynzadə tərəfindən təlim keçirilib.

Təlim zamanı iştirakçılara mövzu ilə əlaqədar ətraflı məlumat verilib, məişət zorakılığının qarşısının alınması zamanı qarşıya çıxan problemlər və onların həlli yolları müzakirə edilib.