Xocalı faciəsindən 24 il ötür

24 fevral 2016

Paylaş:

992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri tərəfindən təkcə Azərbaycan tarixinin deyil, bəşər tarixinin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımı törədilmişdir.

Bu genosid tariximizə ağrılı səhifələrdən biri kimi daxil olmuşdur. Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunmuşdur. Bu hərbi təcavüz zamanı Xocalı ağır hərbi texnikadan şiddətli atəşlər nəticəsində darmadağın edilmiş, dinc sakinlərə amansızcasına divan tutulmuşdur.

Xocalıda 613 nəfər vəhşicəsinə qətlə yetirildi ki, bunlardan 106 nəfəri qadın, 63-ü uşaq, 70-i isə qoca idi. Bu faciədə 8 ailə bütövlükdə məhv edilib, 24 uşaq hər iki valideynini, 130 uşaq isə bir valideynini itirmişdir. 1275 nəfər əsir, 150 nəfər itkin düşmüşdür. O cümlədən 478 nəfər düşmən gülləsindən yaralandı ki, onların da 150-si uşaq idi. Bu əməllərin qabaqcadan düşünülmüş qaydada, milli mənsubiyyətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədilməsi Xocalı faciəsinin beynəlxalq hüquqa əsasən məhz soyqırımı olduğunu təsdiq edir.

İnsanlığa qarşı törədilmiş bu cinayət aktı beynəlxalq aləm tərəfindən öz hüquqi qiymətini almalıdır. Xocalı haqqında həqiqətin dünyada bilinməsi, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti bütün zəruri addımları atmışdır. Ümummilli Lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra ölkəmiz informasiya blokadasından çıxmışdı. Azərbaycan həqiqətləri, o cümlədən, Xocalı soyqırımı dünya ictimaiyyətinə çatdırılmışdı

Ən əsası budur ki, mübarizə əzmimizi itirməməli, tutduğumuz yoldan çəkinməməli, bu soyqırımı hər birimiz öz şəxsi faciəmiz kimi qəbul etməliyik. Xocalı soyqırımını həyata keçirənlər gec-tez ədalət məhkəməsi qarşısında cavab verərək layiqli cəzalarını alacaqdır.