Dövlət Komitəsinin sədri Bahar Muradova Kürdəmir, Ucar və Zərdab sakinlərini qəbul edib

29 aprel 2022

Paylaş:

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu keçirilir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin həlli ilə bağlı müvafiq tədbirlər görülür.

29 aprel 2022-ci il tarixində Dövlət Komitəsinin sədri Bahar Muradova Zərdab rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib. Qəbulda Kürdəmir, Ucar və Zərdab rayon sakinlərinin ərizə, müraciət və təkliflərinə baxılıb.

Qəbuldan əvvəl Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi ziyarət edilib. Abidə önünə gül dəstələri qoyulub, Ulu öndərin xatirəsi ehtiramla yad olunub.

Qəbulda iştirak edən vətəndaşların müraciətləri sağlamlıq imkanları məhdud uşaqların müalicəsi, erkən nikah və boşanmalardan yaranan problemlərə, imkansız ailələrin müvafiq istiqamətdə təminatı, uşaq hüquqlarının müdafiəsi kimi məsələlərlə bağlı olub.

Vətəndaşların Dövlət Komitəsinin səlahiyyət dairəsinə aid müraciətləri Komitənin müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə araşdırılaraq cavablandırılıb, müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib. Qeyd edək ki, Komitənin səlahiyyətlərinə aid olmayan bəzi vətəndaş ərizələri aidiyyəti üzrə göndəriləcək.