Litva ilə ailə, qadın və uşaq məsələləri üzrə memorandum imzalanıb

28 aprel 2022

Paylaş:

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Litva Respublikasının Sosial Təhlükəsizlik və Əmək Nazirliyi arasında ailə, qadın və uşaq məsələləri üzrə Əməkdaşlıq haqqında Memorandum imzalanıb.

Sənədi Azərbaycan Respublikasının Litva Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Tamerlan Qarayev və Litva Respublikasının sosial təhlükəsizlik və əmək naziri Monika Navitskiene imzalayıb.

Memoranduma əsasən Litva və Azərbaycan ailə, qadın və uşaq məsələləri üzrə əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər. Sənəddə ekspert məsləhətləşmələri, tədbirlər və müvafiq məlumat mübadiləsinin həyata keçirilməsi öz əksini tapıb ki, bu da iki ölkə arasında qabaqcıl təcrübə mübadiləsi, həmçinin qadın və uşaqların hüquqlarının müdafiəsinin təkmilləşdirilməsinə töhfə verəcəkdir.

Xatırladaq ki, 2020-2021-ci illər ərzində Dövlət Komitəsi və Litvanın sözügedən Nazirliyinin birgə əməkdaşlığı, Avropa İttifaqının maliyyə dəstəyi ilə “Məişət zorakılığı qurbanlarının təhlükəsizliyini təmin etmək və onları dəstəkləmək üçün dövlət qurumları və yerli səviyyəli istiqamətləndirmə mexanizmlərinin potensialının artırılması” üzrə Tvinninq layihəsi həyata keçirilib. Bu layihə çərçivəsində 680 mütəxəssis cəlb edilməklə 6 təlim proqramı hazırlanıb.