“NARKOMANİYAYA YOX DEYƏK!” mövzusunda tədbir keçirilib
Paylaş:
19 aprel 2022-ci il tarixində Lənkəran şəhərində gənclərin və məktəblilərin iştirakı ilə "Narkomaniyaya Yox Deyək" mövzusunda tədbir keçirilib.
Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsi, Lənkəran şəhər İcra Hakimiyyəti və Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi tədbirin məqsədi narkomanlığa qarşı mübarizənin gücləndirilməsi və yayılmasının qarşısının alınması üçün gənc nəslin maarifləndirilməsi, eyni zamanda gənclərin təlim-tərbiyəsinə, məşğulluğuna, asudə vaxtının səmərəli təşkilinə diqqətin artırılması, idman və ictimai faydalı əməklə məşğul olmaları üçün həvəsləndirilməsidir.
Tədbirdə çıxış edən Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, narkomaniyanı dövrümüzün bəlası adlandırıb və bu problemlə birgə mübarizənin vacibliyini vurğulayıb, bu mövzuda ailələrin, xüsusilə də valideynlərin rolundan bəhs edib. Bildirib ki, dövlətimizin həyata keçirdiyi tədbirlərlə yanaşı cəmiyyətimizin hər bir fərdinin bu mövzuya həssaslıqla yanaşması mühüm əhəmiyyətə malikdir.
Daha sonra rayonun icra hakimiyyəti başçısının müavini Rasilə Arifqızı, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sektor müdiri Raqif Allahverdiyev, rayonun Narkoloji Xəstəxanasının baş həkimi Vüqar Əliyev, Dini Qurumlar üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbə müdiri Qağayı Məmmədov, Qarabağ Futbol Komandasının müdafiəçisi Qara Qarayev, idmançı, yüngül atletika üzrə müxtəlif milli və beynəlxalq yarışların qalibi, 2016-cı il üzrə dünya rekordunun sahibi Nazim Babayev, idmançı-blogger Kamil Zeynallı çıxış ediblər. Çıxışçılar narkomaniyanın səbəbləri, onun insan sağlamlığına və həyatına vurduğu ziyanlardan bəhs ediblər, bu problemin qarşısının alınması istiqamətində dövlətin həyata keçirdiyi tədbirlər barədə məlumat veriblər.
Tədbirin rəsmi hissəsi bitdikdən sonra “Narkomaniyaya yox deyək” şüarı ilə qaçış marafonu təşkil olunub. 110 gəncin iştirak etdiyi 1 km məsafəlik qaçışda qalib gələnlər sertifikat və hədiyyə ilə mükafatlandırılıb. Oğlanlar arasında finişə ilk çatanlar Eşqin Əlizadə, Azər Məmmədov və İntiqam Əsədzadə olub. Qızlar arasında isə Aysu Babayeva, Leyla Heydərova və Tahirə Hüseynli fərqlənib.