“Reproduktiv sağlamlıq və ailə planlaşdırılması” mövzusunda təlim keçirilib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə birgə əməkdaşlıq çərçivəsində İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzində (UADM) “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması” mövzusunda gənclər üçün təlim keçirilib.
Təlimdə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin əməkdaşları, Rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu, Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkim-metodistləri, İsmayıllı UADM-in direktoru və əməkdaşları, Rayon Mərkəzi Xəstəxanasının həkim-ginekoloqu, İsmayıllı Gənclərin İnkişaf və Karyera Mərkəzinin əməkdaşı və gənc könüllülər iştirak ediblər.
Komitə əməkdaşı N. Qaraxanova Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq sağlam həyat tərzi, reproduktiv sağlamlıq, erkən nikah, nikahdan əvvəl tibbi müayinənin təbliği, ailə planlaşdırılması, uşaqların ana südü ilə qidalanması, qeyri-infeksion xəstəliklərin profilaktikası, talassemiya ilə mübarizə və ziyanlı vərdişlərin yaratdığı fəsadlar və digər mövzularda maarifləndirici layihələrin həyata keçirildiyi vurğulayıb.
Daha sonra Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkim-metodist Zümrüd Kazımova “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması” adlı təqdimatında yeniyetməlik dövründə reproduktiv sağlamlıq, fərdi gigiyena qaydaları, zərərli vərdişlər haqqında məlumat verib. Bununla yanaşı, həkim-metodist Pərvin Quliyeva “Selektiv abortlar və erkən nikahlar” mövzusunda təqdimatla çıxış edərək tədbir iştirakçılarına müvafiq sahədə maarifləndirici məlumatları diqqətə çatdırıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Hər damlasında sevgi”, “Valideyn qayğısı - uşaqların təhlükəsizliyi”, “Narkotiklər yoxsa həyat” və “18 yaşadək evlilik - uşaq evliliyidir!” adlı bukletlər, flayer və yaddaş vərəqələri paylanıb. Tədbir çərçivəsində “Ürəyinin səsini dinlə” adlı videoçarx təqdim edilib.