Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qruplarının üzvləri ilə görüş keçirildi

11 aprel 2022

Paylaş:

“Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın icrası və məişət zorakılığının qarşısının alınması istiqamətində tədbirlərin gücləndirilməsi, regionlarda zorakılıqla mübarizə sahəsində maarifləndirmə işinin aparılması məqsədilə 8 aprel 2022-ci il tarixində Şirvan Şəhər Gənclər Evində görüş keçirilib.
Görüşdə Şirvan, Salyan, Hacıqabul və Kürdəmir rayon icra hakimiyyətlərinin Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qruplarının üzvləri iştirak edib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova çıxış edərək, respublika üzrə rayon və şəhər icra hakimiyyətlərində yaradılmış Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qruplarının öz fəaliyyətlərini həyata keçirən zamanı “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini rəhbər tutaraq, zorakılıq qurbanlarına daha çevik dəstəyin göstərilməsi, mühafizə orderlərinin verilməsi, zəruri hallarda qurbanların sığınacaqlara yerləşdirilməsi istiqamətində tədbirlərin görülməsinin vacibliyini diqqətə çatdırıb.
Görüşdə iştirak edən Şirvan, Salyan, Hacıqabul və Kürdəmir rayon Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qruplarının sədrləri - Aynur Fərzəliyeva, Təranə İsmayılova, Xuraman Məmmədova və Vəsilə Əsgərli öz çıxışlarında baş vermiş məişət zorakılığı halları ilə bağlı monitorinq qruplarına daxil olmuş müraciətlərin sayı və bu sahədə görülmüş işlər, ailə münasibətlərindən irəli gələn bir sıra məsələlər, o cümlədən nikahın pozulması, uşaqla ünsiyyət qaydasının müəyyən edilməsi, aliment və digər hallara dair rayon icra hakimiyyətlərinə edilmiş müraciətlər barədə məlumat veriblər.