Dövlət Komitəsi örnək davranışa görə təşəkkür edir
Paylaş:
Bu gün Dövlət Komitəsinin əməkdaşları valideyni olmadan evdə nəzarətsiz qalan azyaşlıya dəstək olmaq arzusunu bildirən qonşu – İlyas Əfəndiyev adına Elitar Gimnaziyanın müəlliməsi Elnarə İbrahimova ilə görüşüb. E.İbrahimovanın həssas yanaşmasının hər bir vətəndaş üçün örnək davranış nümunəsi olduğu qeyd edilib və təşəkkürnamə təqdim edilib.
Qeyd edək ki, bu gün ictimai həmrəyliyin, mərhəmətin və xeyirxahlıq ənənələrinin təzahürü olan “Ailədən-ailəyə” layihəsinə insanlar arasında maraq olduqca yüksəkdir. Çətin vəziyyətdə qalan ailələrə belə dəstəyin göstərilməsi insanlar arasında münasibətlərin, bir-birinə diqqət və qayğı kimi müsbət davranışların möhkəmləndirilməsinə xidmət edir.
Tarixən də Azərbaycan ailəsi çətin günlərdə bir-birinə dayaq olub. Hər kəsi bu tarixi ənənələrimizi davam etdirməyə, cəmiyyət və dövlət olaraq birlik nümayiş etdirməyə, həmçinin belə məsələlərə həssas yanaşmağa və onun həllində dəstək olmağa çağırırıq.
Dövlət Komitəsi azyaşlının məktəbəqədər təhsilə cəlb edilməsi, alimentin ödənilməsi ilə bağlı müvafiq tədbirlər görür.