Uşaq Səfirlər Məclisinin üzvlərinə uşaqların fərdi bacarıqlarının inkişafı üzrə “Natiqlik – gözəl danışma sənəti” adlı təlim keçirilib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Etika Akademiyasının birgə təşkilatçılığı ilə xüsusi istedadı və fəallığı ilə seçilən Uşaq Səfirlər Məclisinin üzvlərinə uşaqların fərdi bacarıqlarının inkişafı üzrə “Natiqlik – gözəl danışma sənəti” adlı təlim keçirilib.
10 fevral 2022-ci il tarixində keçirilən təlimin məqsədi nitq mədəniyyətinin və etik davranışların aşılanmasıdır. Təlim zamanı bildirilib ki, uşaqların nitq mədəniyyəti onların saf düşüncələrini dünyaya çatdırmaq və arzularını həyata keçirmək üçün ən yaxşı vasitədir. Rəqəmsal dünyada özlərini ifadə edə bilmək üçün yazışma, natiqlik, asanöyrənmə, etiket qaydalarının öyrədilməsi zəruridir.
Bu istiqamətdə Dövlət Komitəsi və Etika Akademiyasının mütəxəssisləri tərəfindən silsilə təlimlərin keçirilməsi nəzərdə tutulur.
İlk təlimdə qamət məşqləri, söz ehtiyatının artırılması, gözəl ifadələr toplusunun doğru istifadəsi, auditoriya önündə çıxışlar üçün nitq formulaları öyrədilib. Rol oyunları ilə davam edən təlim sual-cavabla yekunlaşıb.