Dövlət Komitəsinin uşaqların zərərli vərdişlərdən qorunması ilə bağlı valideynlərə müraciəti
Paylaş:
Təəsüflər olsun ki, bu gün uşaqlarda zərərli vərdişlərə (narkotik, psixotrop maddə, energetik içkilər, internet asıllığı və s.) meyilliliyin şahidi oluruq. Bu hala bəzən onların sosial çevrəsi, eyni zamanda internetdən nəzarətsiz istifadəsi səbəb ola bilir. Erkən yaşlarda yaranan bu vərdişlər gələcəkdə daha neqativ halların baş verməsinə gətirib çıxarır. Qısa müddət ərzində qazanılmış bu kimi vərdişlərdən qurtulmaq heç də asan olmur və uzun vaxt tələb edir, buna görə də valideynlər uşaqlara qarşı münasibətdə daim səbrli və təmkinli olmalıdırlar.
Hörmətli valideynlər!
Övladlarınızın zərərli vərdişlərdən xilas olması üçün aşağıdakılara diqqət edək:
Bu kimi hallardan şübhələndiyiniz zaman övladınızın davranışlarını müşahidə edin;
Zərərli vərdişlər zamanı uşaqlarda sosial əlaqələrin azalması, aqressiv davranışların artması, emosional dəyişiklik, həmçinin akademik bacarıqların azalması, yuxu və yemək rejimlərinin pozulması və s. kimi hallar baş verir.
Uşaqların səhvlərini gördüyünüz zaman “Səndən utanıram, kaş ki mənim uşağım olmazdın” kimi sözlərdən istifadə etməyin, onlara öz köməyinizi göstərin;
Belə hallarda övladınızın müalicəyə yönləndirilməsi işin əsas hissənini təşkil edir;
Müalicə prosesində hər zaman onların yanında olun, bu halın keçib gedəcəyini, amma verilən məsləhətlərə ciddi şəkildə riayət edilməsinin vacibliyini izah edin;
Unutmaq olmaz ki, zərərli vərdişlər zamanı bədən həm fiziki, həm də psixo-sosial təsirlərə məruz qalır, bu halda psixoloq xidmətindən istifadə özlərini rahat hiss etmələrinə və müalicəyə daha inamlı yanaşmalarına kömək olacaq;
Yeni hobbilər qazanmalarına, asudə vaxtlarını ailəsi və yaxın əhatəsi ilə daha səmərəli keçirmələrinə kömək olun;
Uşaqlara həyatdan zövq almağı, başqa şəxslərin təsiri altına düşməməyi öyrədin;
Tez-tez edilən mühakimələr yalnız onların özlərinə qapanmalarına və etdikləri yalnış hərəkətləri təkrarlamalarına səbəb olur.
Bilməlisiniz ki, övladlarınıza göstərdiyiniz qayğı, diqqət onların zərərli vərdişlərdən çəkinməsinə və sağlam həyat tərzi qurmaqlarına yardımçı olur.
Qeyd edilən tövsiyələri nəzərə alaq, uşaqlarımızın xoşbəxt gələcəyi üçün birlikdə çalışaq!