Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarovanın 100 illik yubileyinə həsr edilən tədbir keçirilib
Paylaş:
25 yanvar 2022-ci ildə İkinci Dünya müharibəsi veteranı, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarovanın 100 illik yubileyinə həsr edilən tədbir keçirilib.
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəllilov Fatma Səttarovanın 100 illik yubileyinə həsr edilmiş tədbiri giriş sözü ilə açıq elan edib, Fatma Səttarovanın çoxillik ictimai fəaliyyətinə diqqət çəkib.
Daha sonra Azərbaycan Televiziyasının Fatma xanım Səttarova haqqında çəkdiyi “Həyat yolu” filmi nümayiş olunub.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova Fatma Səttarovanın həyatını bütövlükdə insanlığa, insanlığın rifahına həsr edilən ömür yolu kimi dəyərləndirib:
“Hörmətli Fatma xanım. Mənim üçün şərəfdir ki, mən bütün həyatını insanlığa, dövlətə, dövlətçiliyə həsr edən sizin kimi bir ananın qarşısında çıxış edirəm. Siz öz cəsarətiniz, vətənə olan sevginiz, fədakarlğınızla hər bir gəncə örnəksiniz. Xalq sizi sevir. Bu məhəbbəti siz özünüz öz əməllərinizlə, zəhmətinizlə qazanmısınız. Sizin qarşınızda baş əyir, ad gününüzü təbrik edir, ən xoş arzularımı çatdırıram”.
Sədr müavini Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın təbrik məktubunu və Dövlət Komitəsinin xatirə medalını Fatma xanıma təqdim edib.
Fatma Səttarovanın nəvəsi Vasif Bayramov yubileyara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev və I vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib, tədbir iştirakçılarına minnətdarlığını çatdırıb.
Sonda çıxış edən Fatma Səttarova tədbir iştirakçılarına təşəkkür edib, hər zaman olduğu kimi bundan sonra da Azərbaycan dövlətinə, Azərbaycan xalqına əsgər kimi xidmət edəcəyini bildirib.
Tədbirin sonunda xatirə şəkli çəkilib.