“Günəş hamı üçündür” adlı layihə çərçivəsində növbəti tədbir keçirilib
Paylaş:
18 mart 2016-cı il tarixində “Novruz Bayramı” ərəfəsində Səhiyyə Nazirliyinin nəzdində, Bakı Uşaq Bərpa Mərkəzində sağlamlıq imkanları məhdud, xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynləri ilə növbəti görüş keçirilib. Tədbiri giriş sözü ilə açan Mərkəzin baş həkimi Cəmilə Talıbova ilk öncə qonaqları salamlayaraq, qarşıdan gələn bayram münasibətilə onları təbrik edib. 1988-ci ildə yaradılmış Mərkəzin, sonralar ölkə rəhbərliyinin göstərişi və xüsusi qayğısı ilə daha modern vəziyyətə gətirildiyini, yeni və müasir avadanlıqlarla təchiz olunduğunu qeyd edən C.Talıbova, Mərkəzdə bir çox xüsusi qayğıya ehtiyacı olan uşaqların reabilitasiya keçdiyini, eyni zamanda valideynlərlə tez-tez görüşlərin keçirildiyini vurğulayıb. Daha sonra çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə Problemləri şöbəsinin müdiri Gülnarə Məmmədova Komitənin yaranma tarixi və ölkəmizdə həyata keçirdiyi dövlət ailə, qadın və uşaq siyasəti haqqında tədbir iştirakçılarını məlumatlandırıb, dövlət tərəfindən mütəmadi olaraq aztəminatlı, qaçqın və məcburi-köçkün, xüsusi qayğıya ehtiyacı olan ailələrə göstərilən diqqət və qayğıdan söz açıb. Komitə tərəfindən hər zaman cəmiyyətin diqqətinin ailə məsələlərinə yönəldilməsi, ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənclərin ailə həyatına hazırlığı, ailədə sülh və dözümlülük mədəniyyətinin, sağlam həyat tərzinin, nümunəvi çoxuşaqlı ailələrin, sağlamlıq imkanları məhdud olan insanların cəmiyyətə inteqrasiyasının təbliği məqsədilə layihələr keçirildiyini bildirən G.Məmmədova, xüsusi qayğıya ehtiyacı olan, sağlamlıq imkanları məhdud uşaqların valideynlərinə psixoloji və hüquqi yardım göstərilməsi, uşaqların sosial adaptasiyası, sosial – pedaqoji reabilitasiyası məqsədilə həyata keçirilən “Günəş hamı üçündür” adlı layihənin əhəmiyyətindən söz açıb.
Daha sonra tədbir iştirakçılarına “Azərbaycan ailəsi” film festivalının qaliblərindən olmuş “Qağayı” filmi nümayiş etdirilib. Filmin nümayişindən sonra Komitənin Ailə Problemləri şöbəsinin əməkdaşı Səmra Əliyeva psixoloji istiqamətdə təqdimatla çıxış edərək, sağlamlıq imkanları məhdud uşaqların valideynlərinin üzərinə düşən öhdəliklər və onların psixoloji durumu, bu tipli halların yaratdığı mənfi fəsadlar, xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə adaptasiyası üçün vətəndaşların üzərinə düşən vəzifələr haqqında məlumat verib. Eyni zamanda Komitənin Hüquqi-təminat şöbəsinin Ölkələrarası Övladlığa götürmə sektorunun müdiri Seymur Məmmədov valideynlərin diqqətinə bu tipli ailələr üçün ölkəmizdə dövlət tərəfindən nəzərdə tutulmuş imtiyazları və yaradılmış şəraitı çatdırıb.
Çıxışlardan sonra valideynlərə Komitə tərəfindən sorğu məqsədilə hazırlanmış anketlər təqdim olunub, daha sonra müzakirələr aparılıb. Sonda Mərkəzin kitabxanasına maarifləndirmə vəsaitləri təqdim olunub.