Bölgələrdə Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin maarifləndirmə tədbirləri davam etdirilir

19 dekabr 2021

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Ağdam, Goranboy, Hacıqabul, Şüvəlan, Zərdab UADM-ləri tərəfindən reproduktiv sağlamlıq, erkən nikah və məişət zorakılığının qarşısının alınması ilə bağlı maarifləndirmə tədbirləri keçirilib.
UADM-lərin fəaliyyət göstərdiyi rayonların mərkəzində, eləcə də qəsəbə və kəndlərində yerləşən təhsil müəssisələrində aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində keçirilən tədbirlərdə tələbələr, məktəblərin yuxarı sinif şagirdləri, müəllimlər, məktəb psixoloqları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirlərdə ailə institutunun möhkəmliyinin qorunması üçün erkən nikah, qız uşaqlarının təhsildən yayınması kimi mənfi halların qarşısının alınmasının vacibliyi qeyd edilib. Eyni zamanda erkən nikaha məcbur edilmə zamanı qanunla tənzimlənən məsələlər haqqında da iştirakçılara məlumat verilib.İiştirakçıların sualları cavablandırılıb, sosial çarxlar nümayiş etdirilib, maarifləndirmə materialları paylanılıb.
Bundan əlavə Şüvəlan UADM tərəfindən məişət zorakılığının yayılma səviyyəsi, baş vermə səbəblərinin monitorinqi məqsədilə Xəzər rayonu ərazisində 50 nəfər arasında sorğu keçirilib və 860 Qaynar Xəttinin fəaliyyəti barədə məlumat verilib.