“Azərbaycan ailəsi-2016” filmlər festivalının açılış mərasimi keçirild

29 mart 2016

Paylaş:

29 mart tarixində Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu və BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə “Azərbaycan ailəsi-2016” filmlər festivalının açılış mərasimi keçirilmişdir.

Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva çıxış edərək kinematoqrafiya və fotoqrafiya sənətçiliyinin imkanlarından istifadə etməklə dövlət ailə siyasətinin həyata keçirilməsi, milli-mənəvi dəyərlərin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, mövcud problemlərin işıqlandırılması məqsədilə həyata keçirilən festivalın əhəmiyyətini vurğuladı. Sədr müavini xüsusilə gənclərdə yaradıcılıq qabiliyyətinin aşkar olunması, video və foto materiallardan ibarət fondun zənginləşdirilməsi istiqamətində festivalın rolunu xüsusi qeyd etdi.

Daha sonra BMT-nin Əhali Fondunun Proqram müşaviri Bəhicə Əliyeva, Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin sektor müdiri Yusif Şeyxov, Milli Televiziya və Radio Şurasının sədr müavini Qafar Cəbiyev, Fotoqraflar Birliyinin sədri Mirnaib Həsənoğlu, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kino rejissoru-kino operatoru kafedrasının müdiri Amin Novruzov çıxış edərək festivalın hədəfləri, mövcud problemlərin həll yollarının axtarılması, ailə institutunun daha da gücləndirilməsi haqqında fikirlərini bildiriblər. Qeyd olunub ki, bu filmlərdə ailə dəyərləri ilə yanaşı, uşaqların, xüsusilə qızların təhsildən yayınması, erkən nikah, sağlamlıq imkanları məhdud olan insanların cəmiyyətə adaptasiyası, ailələrin psixoloji vəziyyəti, insan alveri kimi bir sıra ciddi məsələlər öz əksini tapmalıdır.

         Festivala olan maraq və diqqətin ildən-ilə daha da artmasının nəticəsi olaraq 2014-cü ildən etibarən festival çərçivəsində  “Həyatdan şəkilə” adlı fotomüsabiqənin təşkili də böyük uğurla həyata keçirilir.

Sonda Komitənin əməkdaşı Azər İsalı tərəfindən festivalın açılışını əks etdirən təqdimat nümayiş olundu və tədbir iştirakçılarına film festivalının və foto müsabiqənin əsasnaməsi, iştirakçı anketləri paylanıldı.

 “Azərbaycan ailəsi” fimlər festivalının keçirilməsi şərtlərini, qaliblərin müəyyən edilməsi və mükafatlandırılması qaydalarını özündə əks etdirən əsasnamə və iştirakçılar üçün anket təşkilat Komitəsi tərəfindən hazırlanmışdır. Festivalın peşəkar səviyyədə və geniş miqyasda həyata keçirilməsi məqsədilə elan olunan müsabiqəyə təqdim edilən işlər görkəmli elm və mədəniyyət xadimlərindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. “Azərbaycan ailəsi 2016” film festivalının münsiflər heyəti- Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, xalq artisti, professor Şəfiqə Məmmədova, İTV-nin direktoru, incəsənət xadimi Cəmil Quliyev, Milli Televiziya və Radio Şurasının sədr müavini Qafar Cəbiyev, Milli Televiziya və Radio Şurasının üzvi Sona Vəliyeva, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Fərəh Əliyeva, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kino rejissoru-kino operatoru kafedrasının müdiri Amin Novruzov, Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin sektor müdiri Yusif Şeyxov, Fotoqraflar Birliyinin sədri Mirnaib Həsənoğlu, Fotoqraflar Birliyinin İdarə Heyətinin üzvi Sevinc Aslanova, BMT-nin Əhali Fondunun Proqram müşaviri Bəhicə Əliyeva, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti Fuad Məmmədov, Azərbaycan kinorejissoru, Ssenarist, Azərbaycanın xalq artisti Oqtay Mirqasımov.

Festivalın məqsəd və ideyasına uyğun olan bədii, sənədli, animasiya filmləri, sosial çarxlar, televiziya verilişləri və fotoşəkillər aprel ayının 1-dən oktyabr ayının 1-dək təşkilat Komitəsinə təqdim edilə bilər.