Məişət zorakılığı törədən şəxslər üçün reabilitasiya proqramı ilə bağlı keçirilən təlimlər başa çatıb

30 noyabr 2021

Paylaş:

Avropa İttifaqının maliyyə dəstəyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə tərəfdaşlığı ilə həyata keçirilən “Azərbaycanda məişət zorakılığı qurbanlarının təhlükəsizliyinin və onlara dəstəyin təmin edilməsi üçün dövlət qurumlarının və yerli səviyyədə istiqamətləndirmə mexanizmlərinin imkanlarının gücləndirilməsi” adlı Tvinninq layihəsi çərçivəsində AQUPDK ilə birgə məişət zorakılığı törədən şəxslər üçün reabilitasiya proqramı ilə bağlı təlimlər yekunlaşıb.
İki həftə davam edən təlimlər Tvinninq layihəsinin ekspertləri və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən yerli xüsusiyyətlər nəzərə alınmaqla işlənib hazırlanmış “Məişət zorakılığı törədən şəxslərlə iş üzrə müdaxilə proqramı” əsasında təşkil olunub.
Litvalı ekspertlər tərəfindən “Təlimçilərin təlimi” prinsipi əsasında keçirilən təlimlərin məqsədi məişət zorakılığı törədən şəxslərlə iş üzrə reabilitasiya proqramını tətbiq edə biləcək təlimçilərin hazırlanmasıdır.
Təlimlərdə AQUPDK, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin əməkdaşları iştirak ediblər.
Dulut modeli əsasında hazırlanmış bu proqram hal-hazırda bir çox ölkələrdə tətbiq olunmaqdadır və insanlara zorakı davranışdan imtina etməkdə köməklik göstərmək məqsədi daşıyır. Bu, zorakılıq törədənlərə öz zorakı davranışlarının səbəblərini təhlil etməyə, öz hisslərini anlamağa və onları konstruktiv şəkildə ifadə etməyi öyrənməyə, qarşılıqlı münasibətlərə, ailə büdcəsinin idarə edilməsinə və ev təsərrüfatına müsbət münasibət formalaşdırmağa kömək edir, və mübahisələrin həllində yeni bacarıqların əldə edilməsini təmin edir. Təcrübə göstərir ki, proqramı bitirən iştirakçıların 40%-i artıq məişət zorakılığı törətmir.
Qeyd edək ki, proqram Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq işlənib hazırlanmışdır.