Gender zəmnində zorakılıqla mübarizə üzrə ilkin yardım tərəflərinin 1-ci Milli Konfransı keçirilib
Paylaş:
29 noyabr 2021-ci il tarixində Gender zəmnində zorakılıqla mübarizə üzrə ilkin yardım tərəflərinin 1-ci Milli Konfransı keçirilib.
Konfrans Sahibkarlığa və məşğulluğa iqtisadi dəstək “gender əsaslı zorakılığın aradan qaldırılmasına icma əsaslı dəstək” komponenti çərçivəsində, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) əməkdaşlığı ilə baş tutub.
Konfransdan öncə layihədən bəhrələnən qadınların əli işlərindən ibarət satış sərgisi təşkil olunub.
Dövlət qurumları, beynəlxalq və qeyri-hökumət təşkilatları və özəl sektorun 100-dən çox nümayəndəsini bir araya gətirən Konfransda qadınlara və qızlara qarşı zorakılıqla mübarizə ilə bağlı sahələrarası effektiv yardım sistemlərinin qurulması prosesində yaranan problemlər və əldə olunan təcrübələr müzakirə edilib.
Dövlət Komitəsinin sədri Bahar Muradova iştirakçıları salamlayaraq, Konfransın işinə uğurlar arzulayıb. Dövlət tərəfindən həyata keçirilən tədbirlərdən danışarkən, Azərbaycanda qadınlarla bağlı məsələlərin hərtərəfli həlli sahəsində bir sıra normativ-hüquqi sənədlərin qəbul olunduğunu, qadın hüquqlarının müdafiəsi və təminatı istiqamətində mühüm irəliləyişlərin əldə edildiyini diqqətə çatdırıb: "Ötən il qəbul edilən "Milli Fəaliyyət Planı” da məişət zorakılığı ilə mübarizə sahəsində effektiv və hərtərəfli fəaliyyətin təmin edilməsinə imkan yaradır". O, normativ hüquqi bazanın beynəlxalq təcrübəyə uyğunlaşdırılması, məişət zorakılığının qarşısının alınması və onunla mübarizə sahəsində maarifləndirmə işinin gücləndirilməsi istiqamətində işlərin aparıldığını bildirib.
Komitənin həyata keçirdiyi tədbirlərdən, eləcə də tərəfdaşları ilə birgə reallaşdırdığı layihələrdən danışan sədr, əldə edilən nəticələrin qənaətbəxş olduğunu vurğulayıb. Builki 16 günlük kampaniyanın kişilərin yaxından iştirakı ilə gender stereotiplərinə qalib gəlməyin mümkün olduğu mesajını ötürməyi hədəflədiyini, eləcə də kişi və oğlanların zorakılıqdan uzaq xarakteri və gender bərabərliyi anlayışını kəşf etmələrinə imkan yaratdığını qeyd edib. Eləcə də qadınların iqtisadi səlahiyyətləndirilməsinin onların zorakılığa məruz qalma səviyyəsinə təsir etdiyi, iqtisadi cəhətdən azad qadınların özünə inamlı olduğu, özünü daha rahat ifadə edə bildiyi diqqətə çatdırılıb.
Silahlı münaqişlərin qadın hüquqlarının qorunması məsələsini daha da aktuallaşdırdığını qeyd edən Komitə sədri, müqəddəs Vətən müharibəsidən, o cümlədən 30 illik münaqişə və təcavüzdən zərər çəkən minlərlə qadının hüquqlarının müdafiəsi istiqamətində fəaliyyətin bu gün də davam etdirildiyini vurğulayıb. O, Komitənin tərəfdaşları ilə birgə bu sahədəki əməkdaşlığını yüksək qiymətləndirərək, bundan sonra da davamlı və dayanıqlı əməkdaşlığa ümidini ifadə edib. Bahar Muradova, çıxışını zorakılıqla mübarizədə səyləri birləşdirməyin önəmindən bəhs edərək yekunlaşdırıb.
ABŞ səfiri Li Litzenberger çıxış edərək, gender əsaslı zorakılıqla mübarizədə Azərbaycan hökumətinin gördüyü işləri, eləcə də birgə tərəfdaşlıq çərçivəsində həyata keçirilən layihələri yüksək qiymətləndirib. Layihələrin məqsədinin qadınlara sosial və iqtisadi dəstəyin göstərilməsi, onlar üçün iqtisadi imkanların genişləndirilməsi olduğunu bildirən səfir, hökümətdən olan tərəfdaşlara, eləcə də digər təşkilatlara uğurlu əməkdaşlığa görə təşəkkür edib. O, zorakılığa məruz qalan qadınların hüquqlarının kobud şəkildə pozulduğunu qeyd edərək, birgə səylərin qadınların zorakılıqdan azad yaşaması və onların hüquqlarının qorunması istiqamətində vacib amil olduğunu diqqətə çatdırıb.
BMTİP-nin Rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Çaru Bista dünyada hər 3 qadından birinin zorakılığa məruz qaldığından, COVİD-19 pandemiyasının da bu məsələdə mənfi təsirlərindən danışaraq, birgə mübarizənin önəminə diqqət çəkib. O, Azərbaycanda gender əsaslı zorakılığa qarşı mübarizə, eləcə də qadınların hüquqi və sosial xidmətlərə çıxışının yaxşılaşdırılmasına dəstək məqsədilə Dövlət Komitəsi və USAİD ilə səylərin birləşdirildiyini qeyd edib: "Hər birimiz qadın və qızlara qarşı gender zorakılığına son qoymaq və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün daha çox iş görə bilərik və görməliyik". Çaru Bista, birgə həyata keçirilən layihələrdən, Qadın Resurs Mərkəzlərinin əhəmiyyətindən bəhs edərkən, bu mərkəzlərdə qadınlara göstərilən dəstək nəticəsində əldə edilən uğurlar barədə məlumat verib.
Daha sonra BMT-nin İnkişaf Proqramının layihə rəhbəri Vüsalə Qarayeva layihənin məqsədləri və ötən 1 il ərzində nailiyyətləri barədə məruzə ilə çıxış edib. Qadınlar üçün keçirilən layihələr çərçivəsində 6200 nəfərin müxtəlif mövzularda təlimlərdən bəhrələndiyi, 3000 nəfərin Resurs Mərkəzlərinə üzv olduğu, 400-ə yaxın qadının sahibkarlıq fəaliyyətinə başladığı qeyd olunub. Mövcud çətinliklər və problemlərdən bəhs olunub, növbəti ildə planlaşdırılan layihələrdən bəhs olunub.
Konfrans zamanı BMTİP-nin təşkil etdiyi “Genderyönümlü məlumatların toplanması və təhlil olunması” mövzusunda kursları uğurla başa vuran və Azərbaycanın müxtəlif rayonlarından olan 12 mütəxəssis sertifikatla təltif olunub. Bu mütəxəssislər növbəti aylar ərzində rayonlar üzrə onlayn platfrorma qurmağa kömək edəcək ki, bu da onlara yerli və beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək imkanı yaradacaq.
Fasilədən sonra Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimovanın moderatorluğu ilə panel sessiyası başlayıb. Sessiyada Gender əsaslı zorakılıq qurbanlarına ilkin yardım tərəflərinin fikir və təcrübələri dinlənilib, “İcma səviyyəsində baş verən gender əsaslı zorakılıqla mübarizədə mövcud olan boşluqların və çətinliklərin” qiymətləndirilməsinin məqsəd və metodologiyası ilə bağlı müzakirə aparılıb.
Daha sonra sual-cavab sessiyasında tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Tədbirin seminar sessiyasında hüquqşünas Sevinc Əliyevanın moderatorluğu ilə gender əsaslı zorakılıq qurbanları üçün effektiv ilkin yardım sisteminin qurulmasında qazanılan təcrübənin təqdimatı və yaranan çətinliklərin müzakirəsi keçirilib.