Yeniyetmə və gənclərin reproduktiv sağlamlıq və ailə planlaşdırılması sahəsində maarifləndirilməsi məqsədilə tədbirlər keçirilib

24 noyabr 2021

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Səhiyyə Nazirliyi və Təhsil Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində təhsil müəssisələrində yeniyetmə və gənclərin reproduktiv sağlamlıq və ailə planlaşdırılmasına dair biliklərinin artırılması, onlarda təhlükəsiz cinsi davranış vərdişlərinin formalaşdırılması, uşaqların doğulanadək cins seçiminin qarşısının alınması məqsədilə keçirilən maarifləndirmə tədbirlərinin davamı olaraq “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması” mövzusunda 22 noyabr 2021-ci il tarixində Xəzər rayonunda yerləşən Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində, 24 noyabr 2021-ci il tarixində Sumqayıt şəhərində yerləşən Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kollecində, “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması. Doğulacaq uşağın cinsinin seçilməsinin fəsadları“ mövzusunda isə Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzində müəllim və tələbələrin iştirakı ilə tədbir keçirilib.
Tədbirlərdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə problemləri şöbəsinin müdir müavini Kamila Əliyeva Azərbaycanda əhalinin dinamik artımının və milli maraqlara cavab verən demoqrafik təhlükəsizliyinin təmin olunması və gələcəkdə sağlam nəslin yetişməsi dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu bildirib, ölkəmizdə bu istiqamətdə qəbul edilən qanunlar, dövlət proqramları, həyata keçirilən tədbirlər barədə məlumat verib. K.Əliyeva ölkədə doğum nisbətinin aşağı düşməsinin səbəbi kimi nikahların sayının azalması və boşanmaların sayının artması ilə bərabər hamiləliyin süni yolla pozulmasının sayının artmasını, xüsusilə də uşaqların doğulanadək cins seçiminə görə hamiləliyin süni sürətdə pozulmasını vurğulayıb, reproduktiv sağlamlığın qorunmasına dair yeniyetmə və gənclərə tövsiyələr verib.
Daha sonra Səhiyyə Nazirliyinin İctimai Səhiyyə İslahatlar Mərkəzinin həkim-metodisti Zümrüd Kazımova yeniyetmə və gənclərdə reproduktiv sağlamlıqla bağlı yaşanan problemlərdən danışaraq, cinsi və reproduktiv sağlamlıq xidmətlərinə çıxış imkanlarından ətraflı məlumat verib, tələbələrə gənc yaşlarından səhhətlərinə diqqət etmələrini tövsiyə edib.
Tədbirlərin sonunda Komitə tərəfindən hazırlanan “Qan qohumları arasında nikah və onun fəsadları” “QİÇS-lə mübarizə”, “Sağlam həyat naminə erkən nikaha yox deyək” adlı bukletlər tədbir iştirakçılarına paylanılıb, onları maraqlandıran suallar cavablandırılıb.
Tədbirlərdən 100 nəfərdən artıq tələbə və müəllim faydalanıb.