28 mart 2016-cı ildə Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu keçirilmişdir.
Paylaş:
Plenumun işində Ədliyyə naziri, Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədov, Ailə, Dövlət və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova iştirak etmişlər.
Plenumda Nigahın pozulması və yetkinlik yaşına çatmamış uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərar layihəsi geniş müzakirə olunmuş və təhlillər aparılmışdır.
Xüsusi vurğulanmışdır ki, nigah pozularkən birgə nigahdan olan uşaqların taleyinə daha çox diqqət yetirilməlidir. Belə hallarda ən əsas meyar uşağın üstün mənafeyinin təmin olunmasıdır. Uşağın maraqlarını (mənafeyini) maddi və mənzil şəraiti ilə təmin olunması ilə məhdudlaşdırmaq olmaz. Əsas məqsəd uşağın daimi olaraq ailənin xeyirxah təsirini, valideyn sevgisini, qayğısını, nəvazişini hiss etməsinin, hər bir uşağın mədəni, hərtərəfli inkişaf etmiş, təhsilli, fəal ictimai həyata hazırlanmış şəkildə böyüməsinin təmin olunmasıdır. Xüsusilə, nigahın pozulması hallarında alimentin düzgün müəyyənləşdirilməlidir.
Plenum “Nigahın pozulması və yetkinlik yaşına çatmamış uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” məsələnin müzakirəsi zamanı şərh olunanlara əsasən Azərbaycan Respublikası Ailə Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təkliflər verilməsini də qərara almışdır.