Yeniyetmə və gənclər arasında erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə tədbiri keçirilib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Təhsil Nazirliyinin dəstəyi ilə təhsil müəssisələrində yeniyetmə və gənclərin erkən nikah və qohumlar arasında nikahın mənfi nəticələri barədə məlumatlandırılması istiqamətində həyata keçirilən tədbirlərin davamı olaraq 16 noyabr 2021-ci il tarixində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri üçün tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Ailə Problemləri şöbəsinin müdir müavini Kamila Əliyeva təqdimatla çıxış edərək, erkən nikah və qohumlar arasında bağlanan nikahların cəmiyyətimizi narahat edən problemlərdən biri olduğunu qeyd edib və belə nikahların mənfi nəticələri barədə ətraflı tədbir iştirakçılarına məlumat verib. Eyni zamanda, K.Əliyeva erkən nikah və qohumlar arasında bağlanan nikahların qarşısının alınmasına dair qanunvericilikdən, qəbul edilən normativ-hüquqi sənədlərdən, dövlət, xüsusilə də Komitə və nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən görülən işlər barədə danışıb.
Daha sonra “İrfan” dini icmasının sədri Fuad Ələkbərov çıxışında islamda ailəyə və qadına münasibətdən, hörmətdən danışaraq, islam dininin insan hüquqlarını, xüsusilə, qadın və uşaq hüquqlarını qoruyan, ailədə qarşılıqlı anlaşmanı, qadına hörmət etməyi, təhsilin vacibliyini təbliğ edən din olduğunu vurğulayıb.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Komitə tərəfindən hazırlanan “Erkən nikah – uşaqlığımızı əlimizdən almayın”, “Erkən nikah-uşaq evliliyi” adlı sosial çarxlar və mözu ilə bağlı aidiyyəti dövlət qurumlarının birgə əməkdaşlığı çərçivəsində hazırlanan videoçarx nümayiş etdirilib, “Qan qohumları arasında nikah və onun fəsadları” və “Sağlam həyat naminə erkən nikaha YOX deyək” adlı bukletlər tədbir iştirakçılarına paylanılıb.
Keçirilən görüşdən 90 nəfərə yaxın tələbə faydalanıb.