Dövlət Komitəsinin şöbə müdiri Varşavada “Qadın və qızlara qarşı zorakılıq” mövzusunda ATƏT-in İnsan Ölçüsü üzrə onlayn formatda keçirilən seminarında çıxış edib

16 noyabr 2021

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Xarici əlaqələr və protokol xidməti şöbəsinin müdiri Fərid Ədilov “Qadın və qızlara qarşı zorakılıq” mövzusunda ATƏT-in İnsan Ölçüsü üzrə onlayn formatda keçirilən seminarında çıxış edərək, Azərbaycan qadınının ölkənin ictimai, siyasi, mədəni və sosial həyatında aktiv rol oynadığını, qadın hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmin olunması sahələrində ölkədə mühüm irəliləyişlərə nail olunmasını tədbir iştiraçılarının diqqətinə çatdırıb.
Bildirilib ki, 2006-cı ildə Gender bərabərliyinin təminatları haqqında qanun və 2010-cu ildə Məişət zorakılığının qarşısının alınması haqqında qanun qəbul olunub, həmçinin 2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilib.
Şəhər və rayon İcra Hakimiyyətləri yanında fəaliyyət göstərən monitorinq qrupları, qaynar xətt xidməti, eləcə də həssas əhali qruplarından olan şəxslər üçün yaradılmış dövlət sığınacağı barədə iştirakçılar məlumatlandırılıb.
Xüsusilə qeyd edilib ki, ötən il Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı 27 qadın həlak olub, 101 qadın yaralanıb və münaqişədən təsirlənmiş qadınlar və onların travmalara qarşı davamlılığını artırmaq istiqamətində fəaliyyətlər davam etdirilir.
Tədbir zamanı Ermənistan təmsilçisi qeyd edilən məsələyə yalan və əsassız cavabları ilə münasibət bildirməyə cəhd etmişdir. Cavab vermək hüququndan istifadə edən ölkəmizin Avstriya Respublikasındakı səfirliyinin ikinci katibi Fidan Mahmudova qarşı tərəfin əsassız fikirlərinə münasibət bildirirək, son günlərdə Ermənistan tərəfindən məqsədyönlü təxribatların törədildiyini, mövcud gərginliyə görə başlıca məsuliyyətin bilavasitə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü tədbir iştirakçılarının diqqətinə çatdırıb.