8 Noyabr- Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib

5 noyabr 2021

Paylaş:

Tarixi Zəfərimizə həsr olunmuş “Milli-mənəvi dəyərlərin təbliği, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi” mövzusunda növbəti tədbirlər Şuşa Humanitar Kollecinin, Göygöl Peşə Məktəbinin, eyni zamanda   Aviasiya və Avtomobil Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil   Mərkəzinin müəllim və tələbə heyəti üçün keçirilib.

Tədbirləri giriş şözü ilə  açan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə Problemləri şöbəsinin müdiri Gülnarə Məmmədova iştirakçıları salamlayaraq onları Zəfər Günü münasibətilə təbrik edib. Dövlətimizin qətiyyəti, ordumuzun gücü,  xalqımızın misilsiz dəstəyi sayəsində əldə olunan möhtəşəm qələbəsindən bəhs edən G. Məmmədova Vətən Müharibəsinin tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürür mənbəyinə çevrildiyini xüsusilə vurğulayıb.

Həmçinin G. Məmmədova dövlət ailə siyasətinin əsas istiqamətləri, dövlət tərəfindən ailələrə göstərilən qayğı, ailə dəyərlərimizin, milli-mənəvi dəyərlərimizin qorunub saxlanmasının vacibliyi, cəmiyyəti narahat edən ailə problemləri və onların aradan qaldırılması istiqamətində Komitə tərəfindən görülən işlər barədə tədbir iştirakçılarına geniş məlumat verib.

Yekunda tədbir iştirakçılarına “Ailə bir ağacdır” adlı videoçarx nümayiş etdirilib.

Tarixi Zəfərimizə həsr olunmuş tədbirlərdən 200 nəfərə yaxın  müəllim və tələbə heyəti faydalanıb.