Dövlət Komitəsinin sədr müavini Avropa Şurasının Proqramlar üzrə Direktorluğunun rəhbəri ilə görüşüb
Paylaş:
1 noyabr 2021-ci il tarixində Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanovanın Avropa Şurasının Proqramlar üzrə Direktorluğunun rəhbəri Verena Teylor ilə görüşü keçirilib.
Görüşün məqsədi Avropa Şurasının Azərbaycanda icra edilən Fəaliyyət Planı (2018-2021), eləcə də 2022-2025-ci illər üçün təklif edilən Fəaliyyət Planının layihəsi üzrə müzakirələrin aparılmasıdır.
S. Qəhrəmanova qonaqları salamlayaraq, onları Azərbaycanda görməkdən məmnunluq duyduğunu bildirib. O, Avropa Şurası ilə birgə səmərəli əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirləri yüksək qiymətləndirərək, bu dəfəki görüşdə maraqlı layihələr ətrafında faydalı müzakirələrin aparılacağından əminliyini ifadə edib.
Avropa Şurasının Proqramlar üzrə Direktorluğunun rəhbəri Verena Teylor görüşün təşkilinə görə minnətdarlığını bildirərək, birgə əməkdaşlığın vacibliyini vurğulayıb. İnsan hüquqlarının tərkib hissəsi kimi uşaq hüquqlarının müdafiəsinin fəaliyyətimizin əsas istiqamətlərindən biri olduğunu bildirən V. Teylor bu baxımdan Azərbaycan hökumətinin uşaqların cinsi istismardan və cinsi zorakılıqdan qorunması haqqında Lanzarote Konvensiyasını ratifikasiya etməsinin mühüm əhəmiyyət kəsb etdyini qeyd edib. O, sənədin tərtibatı prosesində ölkə mütəxəssislərinin iştirakını xüsusilə vurğulayaraq, konvensiya çərçivəsində həyata keçiriləcək tədbirlərə texniki dəstəyin göstərilməsinin davam edəcəyini bildirib. V. Teylor gender bərabərliyi və məişət zorakılığı məsələsində kütləvi informasiya vasitələrinin önəmini qeyd edərək, “Gender bərabərliyi və media” layihəsinin Azərbaycanda uğurla həyata keçirildiyini diqqətə çatdırıb.
Daha sonra çıxışına davam edən Dövlət Komitəsinin sədr müavini ikitərəfli əməkdaşlığın sferalarının vacibliyinə toxunaraq, xüsusilə məişət zorakılığı istiqamətində ölkəmizdə həyata keçirilən tədbirləri diqqətə çatdırıb. O, bu sahə üzrə ötən il imzalanan tədbirlər planı, yerli icra hakimiyyəti orqanları yanında fəaliyyət göstərən gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları, eləcə də bələdiyyələrdə pilot layihə kimi yaradılan gender komissiyaları haqqında ətraflı məlumat verib. Bildirilib ki, gender bərabərliyi və zorakılıq probleminin qarşısının alınması məsələsi birinci növbədə ailədə təmin edilməlidir. S. Qəhrəmanova eyni zamanda, “Azərbaycanda məişət zorakılığı qurbanlarına dəstəyin gücləndirilməsi” adlı Tvinninq layihə çərçivəsində jurnalistlər üçün Litva və Avstriyadan olan ekspertlərin iştirakı ilə bu il keçirilən təlimləri diqqətə çatdırıb.
Sədr müavini uşaqların qərarların qəbul edilməsində və cəmiyyət həyatında iştirakının önəmini qeyd edərək, Azərbaycanda Ümumrespublika forumlarının uşaq inkişafında vacib rol oynadığını vurğulayıb. Bu ilin noyabr ayında sayca beşinci forumun keçiriləcəyini bildirən S. Qəhrəmanova deyib ki, tədbirin yekununda uşaqlar tərəfindən irəli sürülən təkliflər toplanaraq hökumətə təqdim edilir. Forumların keçirilməsində məqsəd ölkəmizin bütün regionlarından qoşulan uşaqların dövlət idarəçiliyində iştirakını təmin etməklə onların cəmiyyətin vacib üzvü kimi özlərini ifadə etmələrinə imkan yaratmaqdır.
Görüş Avropa Şurasının 2022-2025-ci illəri əhatə edəcək yeni Fəaliyət Planı layihəsinə dair təkliflərin müzakirəsi ilə davam edib.
Görüşdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Xarici əlaqələr və protokol xidməti şöbəsinin müdiri səlahiyyətlərini icra edən Fərid Ədilov və Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri, səfir Zoltan Hernyes iştirak edib.