DÖVLƏT KOMİTƏSİNİN UŞAQLARIN MÜDAFİƏSİ İLƏ BAĞLI VƏTƏNDAŞLARA MÜRACİƏTİ
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ailə, qadın və uşaq problemləri ilə iş sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı kimi digər icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları, eləcə də qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
Uşaqlara qarşı cinayət halları baş verdikdə hüquq-mühafizə orqanları, yerli icra hakimiyyətləri və digər səlahiyyətli qurumlar başda olmaqla təcili təxirəsalınmaz tədbirlər həyata keçirilir, hadisə araşdırılaraq, onlara lazımi hüquqi qiymət verilir və təqsirli bilinən şəxslər məsuliyyətə cəlb olunur.
Komitə öz növbəsində aidiyyəti qurumlar və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq çərçivəsində uşaqların hüquqlarının müdafiəsi istiqamətində malik olduğu səlahiyyətlər daxilində hüquqi və sosial-psixoloji dəstəyin göstərilməsini təmin edir.
Qeyd edək ki, son baş vermiş hadisəylə əlaqədar görülən tədbirlərin davamı olaraq Komitə nümayəndəsi, eləcə də psixoloq uşağın yerləşdirildiyi xəstəxanaya gedərək vəziyyəti ilə bağlı məlumat alıb. Hazırda uşağın hüquqlarının müdafiəsi istiqamətində Komitə tərəfindən müvafiq tədbirlər görülməkdədir.
Qeyd edilənlərlə yanaşı uşaqların müdafiəsində ailə və cəmiyyətin mühüm rolu danılmazdır. Uşaqlar cəmiyyətin həssas təbəqəsi olaraq daima diqqət və qayğıya ehtiyac duyur ki, bu başlıca olaraq onun ailəsi, yaxınlarının üzərinə düşən vəzifədir. Uşaqlara ən yaxın insan kimi hər bir valideyn məsuliyyətini anlamalı və öz üzərinə düşən valideynlik vəzifələrini layiqincə yerinə yetirməlidir.
Konstitusiyamızda vurğulandığı kimi, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək, ilk növbədə, valideynlərin borcudur. Təəssüflər olsun ki, bəzən valideynlik vəzifələrinin yerinə yetirilməməsi, valideynlik hüquqlarından sui-istifadə, etinasızlıq, laqeydlik kimi hallar baş verir.
Komitə bir daha valideynlərə, ailələrə və cəmiyyətimizin hər bir üzvünə müraciət edərək, uşaqlara qarşı daha diqqətli olmağa, onlara qayğı göstərərək, ehtiyacları və istəklərinə həssas yanaşmağa çağırır.
Uşaqların müdafiəsi baxımından vətəndaşlıq mövqeyini ortaya qoyan, belə hallara həssas yanaşaraq mövzunun cəmiyyətdə, o cümlədən sosial media platformalarında aktual problem kimi müzakirəsinə yardım edən hər kəsə təşəkkür edirik.