Məktəblərdə “Uşaqların internetdən təhlükəsiz istifadəsinin təmin edilməsi” mövzusunda təlimlər keçirildi

30 oktyabr 2021

Paylaş:

“Azərbaycan Respublikasının Uşaqlara dair Strategiyasının həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı” və “Kibertəhlükəsizlik üzrə maarifləndirmə ayı” çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin birgə əməkdaşlığı və Təhsil Nazirliyinin dəstəyi ilə Sabunçu rayonu 72 və 188 nömrəli, Yasamal rayonu 53 nömrəli, Abşeron rayonu Xırdalan şəhəri 3 nömrəli və Mehdiabad qəsəbəsi 4 nömrəli orta məktəbdə 8-11-ci sinif şagirdlərinin iştirakı ilə “Uşaqların internetdən təhlükəsiz istifadəsinin təmin edilməsi” mövzusunda maarifləndirici təlimlər keçirilib.
26-29 oktyabr 2021-ci il tarixlərində keçirilən təlimlərin məqsədi uşaqların kibertəhlükələrdən və zərərli informasiyalardan qorunması, Azərbaycan Respublikası Prezidentinin imzaladığı 30 oktyabr 2018-ci il tarixli “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanunun təbliği və müvafiq mövzu üzrə məlumatlandırmanın aparılmasıdır.
Təlimlər Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin əməkdaşı Sevil Rəsulzadə və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin əməkdaşı Aysel Hadiyeva tərəfindən aparılıb.
Təlim müddətində təqdimatlar vasitəsilə uşaq və yeniyetmələrin internetdə üzləşə biləcəyi kibertəhdidlər, onlardan müdafiə üsulları, internetdən düzgün istifadə qaydaları və digər məlumatlar diqqətə çatdırılıb.
Maarifləndirici təlimlərdə ümumilikdə, 130-a yaxın şagird iştirak edib.