Türkiyə-Azərbaycan əməkdaşlığı çərçivəsində “Zəfərə doğru” mövzusunda işgüzar görüş keçirilib
Paylaş:
28 oktyabr 2021-ci il tarixində Türkiyə Azərbaycan əməkdaşlığı çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Sahibkar Qadınlar İctimai Birliyinin təşkilatçılığı ilə “Zəfərə doğru” mövzusunda işgüzar görüş keçirib.
Görüş Türkiyə Respublikasında və Azərbaycanda fəaliyyət göstərən sahibkar qadınların iştirakı ilə baş tutub. Görüşün əvvəlində Dövlət Komitəsinin sədri Bahar Muradova qonaqları salamlayıb. Türkiyə Respublikasında öz işi, bacarığı və uğurları ilə tanınan bir sıra xanımların Azərbaycana səfərinin əlamətdar hadisə olduğunu qeyd edən B.Muradova onu da əlavə edib ki, xüsusilə belə bir səfərin “Zəfərə doğru” adı altında baş tutması və Azərbaycanın həyatında çox vacib bir dönəmə təsadüf etməsi bizim üçün qürurvericidir. Sizin hər birinizin öz ölkənizdə əldə etdiyiniz uğurlar, nailiyyətlər bütün türk dünyası qadınlarının uğurlarıdır deyə B.Muradova əlavə edib.
Sədr qeyd edib ki, tarixin bütün mərhələlərində olduğu kimi, eləcə də 44 günlük Vətən müharibəsi dövründə çətinliklərlə üzləşən Azərbaycan qadınlarının qazanılan nailiyyətlərdə özünəməxsus yeri və imzası var. “Qadınlarımız öz fəaliyyət göstərdikləri sahədə zəfər üçün lazım olan hər şeyi etdilər. Bu torpaq uğrunda qan tökməyə hazır olan vətənpərvər övladlar böyüdərək, onları vətənin müdafiəsi üçün göndərdilər”.Türk iş adamlarının rəhbərlik etdiyi ən müxtəlif istiqamətlər üzrə dərnəklərin, dövlət qurumlarının, vətəndaş cəmiyyətlərinin Azərbaycanda öz tərəfdaşını tapacağına inamını qeyd edən B.Muradova əlavə edib ki, dövlət orqanı olaraq bu əməkdaşlığın faydalarını daha da artırmaq üçün lazımi tədbirlər görəcəyik. “Biz qarşılıqlı səfərlərimizin davamlı olmasını və hər iki tərəfin əldə olunan razılaşmaların uğurlu fəaliyyətə çevrilməsini təmin edəcək qərarlar verəcəyinə ümid edirik”.
Görüşün davamında Azərbaycan Sahibkar Qadınlar İctimai Birliyinin sədri Zemfira Ağayeva çıxış edərək bildirib ki, tədbirin məqsədi Azərbaycan və Türkiyə iş adamları platforması çərçivəsində türk iş adamlarının Qarabağ bölgəsinə sərmayə qoymasıdır. Zəfər bayramı ərəfəsində ölkəmizə gələn iş adamları Azərbaycana investisiya yatırmaqda maraqlıdır. Qarabağda müxtəlif sahələr üzrə işlərin görülməsinə ehtiyac var. Bu məqsədlə Türkiyədən gələn iş adamları tekstil, səhiyyə, təhsil və müxtəlif sahələr üzrə xidmətlər göstərəcəklər.
Türkiyəli iş qadını Canan Göztəpə çıxışı zamanı qeyd edib ki, 20 türk iş qadınının iştirakı ilə Qarabağa səfər təşkil ediləcək və bölgənin inkişafına töhfə veriləcək.
Daha sonra çıxış edən Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova bildirib ki, iki qardaş ölkənin sahibkar xanımlarının həm dostluğu, həm də ortaq layihələri hər birimiz üçün çox əhəmiyyətlidir.
Bundan sonra qonaqlar tərəfindən fəaliyyət göstərdikləri biznes sahələri haqqında məlumat verilib, həmçinin əməkdaşlığın gələcək perspektivləri və qarşılıqlı maraq kəsb edən digər məsələlər müzakirə olunub. Yekunda qonaqlara Zəfər günlərində bizimlə birgə olduqları üçün minnətdarlığını bildirən Dövlət Komitəsinin sədri bu əlamətdar səfərin növbəti iş birlikləri üçün bir başlanğıc olacağını qeyd edib.
Sonda xatirə fotosu çəkilib.