“Narkotiksiz həyat” mövzusunda tədbir keçirilib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Təhsil Nazirliyi ilə əməkdaşlığı çərçivəsində təhsil müəssisələrində keçirilən maarifləndirmə tədbirlərinin davamı olaraq 25 oktyabr 2021-ci il tarixində Azərbaycan Dövlət İqtisad Universitetinin dekan müavinləri, müəllim və tələbə heyətinin iştirakı ilə “Narkotiksiz həyat” adlı tədbir təşkil olunub.
Tədbiri giriş sözü ilə ”UNEC Könüllüləri” təşkilatının sədri Orxan Vəliyev açaraq, iştirakçıları salamlayıb. Daha sonra çıxış edən Türk Dünyası İqtisad fakültəsinin dekan müavini Cəvahir Məmmədova, universitetin müəllimi Nəriman Xanəhmədov, Biznes və menecment fakültəsinin katibi Elxan Salayev mövzunun aktuallığını vurğulayaraq, bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən bəhs ediblər.
Tədbirdə Ailə problemləri şöbəsinin müdir müavini Kamilə Əliyeva çıxış edərək, əhalinin rifahının yaxşılaşdırılmasına, insanların sağlamlığına, gənc və yeniyetmələrin sağlam nəsil kimi formalaşmasına dair dövlət tərəfindən qəbul olunmuş qanunlar, dövlət proqramları və həyata keçirilən layihələr haqqında danışıb. K.Əliyeva çıxışında cəmiyyətimizi narahat edən aktual problemlərdən biri olan ziyanlı vərdişlərin, xüsusilə narkomaniyanın yaratdığı fəsadlar və bu fəsadların aradan qaldırılması istiqamətində Komitə tərəfindən görülmüş işlər barədə məlumat verərək, gənclər arasında narkomaniyaya qarşı mübarizə işinin gücləndirilməsinin vacibliyini qeyd edib.
Daha sonra çıxış edən həkim-narkoloq Asif Kəngərli və psixoterapevt Aydan Xasməmmədzadə narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı və törətdiyi sosial bəlalar haqqında tədbir iştirakçılarına ətraflı məlumat veriblər.
Tədbirdə iştirakçılarla mövzu ətrafında interaktiv söhbətlər aparılıb, onlara Komitə tərəfindən hazırlanan maarifləndirici bukletlər paylanılıb.
Tədbirdən 90 nəfərə yaxın tələbə və müəllim heyəti faydalanıb.