"Yoxsulluğu Yenidən Araşdır" tədqiqat işi müsabiqəsi başa çatıb

26 oktyabr 2021

Paylaş:

25 oktyabr 2021-ci il tarixində Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, ADA Universiteti və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) birgə təşkilatçılığı ilə 17 oktyabr "Ümumdünya Yoxsulluqla Mübarizə Günü"nə həsr olunmuş "Yoxsulluğu Yenidən Araşdır" tədqiqat işi müsabiqəsinin yekun mükafatlandırma mərasimi keçirilib.
Müsabiqə Gənclər və İdman Nazirliyi və BMTİP-nin birgə icra etdiyi “Qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakının dəstəklənməsi üçün yeni platformaların yaradılması” layihəsi çərçivəsində DİM üzrə Gənc Səfirlər tərəfindən təşkil olunub. Layihə gənclərin qərarvermə proseslərində daha fəal iştirakına dəstək olmaq məqsədini daşıyır.
Müsabiqənin keçirilməsi gənclər arasında DİM-1 “Yoxsulluğa Son” məqsədi və yoxsulluğun təzahürləri haqqında məlumatlılığın artırılmasını hədəfləyir.
Mükafatlandırma mərasimində Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva, Millət vəkili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məzahir Əfəndiyev, Gənclər və İdman Nazirliyinin sektor müdiri, ADA Universitetinin əməkdaşı iştirak edib.
Tədbir zamanı müsabiqəsinin nəticələri açıqlanıb, 3 qalib - İlkin Əlizadəyə “Qadınların iqtisadi fəallığının artırılması – yoxsulluğun azaldılması”, Sərxan Sabirliyə “Varlıq içində darlıq: zənginləşən dünyada yoxsulluq fenomeni” və Ayşən Fərəcovaya “Covid19 pandemiyasının yoxsulluqla mübarizə tədbirlərinə mənfi təsirləri” mövzusunda tədqiqat işlərinə görə diplom və hədiyyələr təqdim edilib.