“Milli-mənəvi dəyərlərin təbliği, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi” mövzusunda tədbirlər davam edir
Paylaş:
21 oktyabr 2021-ci il tarixində Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Maliyyə-İqtisad Kollecinin müəllim və tələbə heyəti üçün “Milli-mənəvi dəyərlərinin təbliği, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi” mövzusunda onlayn tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Azərbaycan Dövlət İqtisad Universitetinin tələbə işlər üzrə direktor müavini, t.f.d Murad Muradov tələbələr arasında keçirilən bu cür maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışaraq, gənc nəsil üçün mövzunun aktual olmasını xüsusilə vurğulayıb.
Daha sonra Komitənin Ailə problemləri şöbəsinin müdiri Gülnarə Məmmədova çıxış edib. Çıxışda ilk öncə 44 günlük Vətən müharibəsinin ildönümü ərəfəsində, torpaqlarımızın işğaldan azad olunması yolunda canından keçən şəhidlərimiz hörmət və ehtiramla yad edilib, İkinci Qarabağ müharibəsi nəticəsində xalqımızın birliyinin, ruh yüksəkliyinin, rəşadətli ordumuzun qələbə əzminin bütün dünyaya şərəflə nümayiş etdirilməsindən bəhs edilib.
G.Məmmədova dövlət ailə siyasətinin əsas istiqamətləri, dövlət tərəfindən ailələrə göstərilən qayğı, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması, ailə dəyərlərimizin, milli-mənəvi dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsinin vacibliyini, cəmiyyəti narahat edən ailə problemləri və onların aradan qaldırılması istiqamətində Komitə tərəfindən görülən işlər barədə tədbir iştirakçılarına məlumat verib.
Tədbirin sonunda Azərbaycan Dövlət İqtisad Universiteti rektorunun kolleclər üzrə məsləhətçisi, tex.e.n, prof. Nuru Mikayılov təşəkkürünü bildirərək, mövzu ilə bağlı öz fikirlərini bildirib. Tədbirdən 100 nəfərə yaxın tələbə və müəllim heyəti faydalanıb.