“Milli-mənəvi, ailə dəyərlərinin təbliği, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi” mövzusunda tədbir keçirilib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Təhsil Nazirliyinin təşkilatçılığı ilə təhsil müəssisələrində yeniyetmə və gənclər üçün “Milli-mənəvi, ailə dəyərlərinin təbliği, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi” mövzusunda növbəti tədbir 12 oktyabr 2021-ci il tarixində ADNSU-nun nəzdində Bakı Neft-Energetika Kollecində müəllim və tələbə heyətinin iştirakı ilə keçirilib.
Kollecin direktor müavini Hüseyn Hüseynov tədbir iştirakçılarını salamlayaraq günün aktual mövzusu ilə əlaqədar keçirilən tədbirin əhəmiyyətini vurğulayıb və mütəmadi əməkdaşlığın vacibliyini bildirib.
Tədbirdə Dövlət Komitəsinin Ailə Problemləri şöbəsinin müdiri Gülnarə Məmmədova təqdimatla çıxış edərək milli – mənəvi, eləcə də ailə dəyərlərimizin qorunmasının, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasının vacibliyini qeyd edib. Eyni zamanda tədbir iştirakçılarına cəmiyyəti narahat edən ailə problemləri və onların aradan qaldırılması istiqamətində Komitə tərəfindən görülən işlər barədə məlumat verib.
İştirakçılara mövzu ilə əlaqədar maarifləndirici video material nümayiş etdirilib, “Azərbaycan ailəsi” adlı kitab təqdim edilib, onları maraqlandıran suallar cavablandırılıb.