Professor Aida İmanquliyevanın anadan olmasından 82 il ötür
Paylaş:
Bu gün görkəmli şərqşünas alim, professor Aida İmanquliyevanın anadan olmasının 82-ci ildönümüdür.
Yüksək şəxsi və intellektual keyfiyyətlərə malik Aida xanım İmanquliyevanın qiymətli və zəngin elmi irsi nəinki Azərbaycan, bütün dünya ərəbşünaslığında faydalı bələdçi və dəyərli mənbədir. Onun geniş elmi fəaliyyəti, fundamental tədqiqatları, şərqşünaslıq elminə verdiyi mühüm töhfələr böyük əhəmiyyətə malikdir.
Elmi işlərlə yanaşı uzun illər pedaqoji fəaliyyətlə də məşğul olan Aida xanım, Sovet İttifaqında və Azərbaycanda yeni ərəb ədəbiyyatı kursunun əsas yaradıcılarından biri olmuşdur. Onun çoxşaxəli fəaliyyətinin əsasında xalq sevgisi, vətənpərvərlik, bəşəri ideallara sadiqlik və zərif humanizm dayanır.
Elm tarixində əhəmiyyətli rolu olan görkəmli alim, istedadlı pedaqoq olmaqla yanaşı, o həm də səmimi, mehriban, nəcib insan, gözəl övlad və həyat yoldaşı, fədakar ana idi.
Aida İmanquliyeva qısa bir ömür yaşadı. Lakin özündən sonra gözəl övladlar, zəngin ədəbi irs, gözəllik, zənginlik və kübarlıq adlı mənəvi dünyasını qoyub getdi. Əhatəli elmi fəaliyyəti ilə yanaşı, Aida xanımın gözəl, nümunəvi ailəsi olmuş və cəmiyyət üçün layiqli övladlar tərbiyə etmişdir.
Azərbaycan qadınlarına xas olan ən nəcib keyfiyyətləri özündə birləşdirən xanımın xatirəsi bu gün də yaddaşlarda yaşayır. Tam əminliklə demək olar ki, gələcək nəsillər də professor A.İmanquliyevanın əsərlərinə müraciət edəcək, onu həmişə minnətdarlıqla xatırlayacaqlar.