Laçın rayonundan olan və 58 il birgə ömür sürən uzunömürlü ailə: “Ən böyük sərvət ailədir”

1 oktyabr 2021

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Ailələrimizi tanıyaq” layihəsinin bugünki qonağı, təməli 1963-cü ildə Laçın rayonunda qoyulan  Alməmmədovlar ailəsidir.

8 övlad, 16 nəvə, 3 nəticə sahibi olan Baxşeyiş və Manya Alməmmədovlar 58 il qarşılıqlı məhəbbət və hörməti qoruyub saxlayaraq ailə dəyərlərimizin yaşadılmasında yetirmələrinə, gənc nəslə nümunə ola biliblər.

Ermənistanın torpaqlarımıza təcavüzü nəticəsində öz doğma yurd-yuvasından didərgin düşən ailə, yaşadıqları çətinliklərə baxmayaraq sonsuz inamı və səbri sayəsində hər bir sınaqdan çıxa bilib. Onlar birgə yaşadıqları illər haqqında belə danışırlar:

“Biz erməni vəhşiliyi nəticəsində torpaqlarımızdan didərgin düşmüşük. Laçın rayonundan gəlib Şəki rayonunda məskunlaşmışıq. Mehriban ailəmiz var. Halal zəhmətimizlə dolanmışıq. Zəhmətimizi dövlətimiz yüksək qiymətləndirib. Medallarla təltif edib. Üç qızımız, beş oğlumuz var. Onlara yüksək tərbiyə vermişik və çalışmışıq ki, millətə, dövlətə layiq insanlar olsunlar. Şükürlər olsun ki, onlar da xoşbəxt ailə sahibidirlər. On altı nəvəmiz var. Nəvələrimizdən birinin də bu yaxınlarda bir övladı dünyaya gəlib. Bundan böyük xoşbəxtlik olar? Elə ən böyük sərvət ailədir”.