Anım Günü ilə əlaqədar uşaqların Tarix Muzeyinə səfəri təşkil olunub
Paylaş:
Ötən ilin 27 sentyabr tarixində Ermənistanın Azərbaycana qarşı başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır. Nəticədə torpaqlarımız Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edilmişdir.
Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli sərəncamına əsasən 27 sentyabr ölkəmizdə Anım Günü kimi qeyd edilir.
Bu gün gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi, uşaqlarda milli ruhun aşılanması, həmrəylik hisslərinin gücləndirilməsi, tariximizin yaddaşlarda həkk olunması və yaşadılması məqsədilə davamlı olaraq layihələr və tədbirlər həyata keçirilir.
Bu məqsədlə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Milli Azərbaycan Tarix Muzeyinin birgə təşkilatçılığı ilə 27 sentyabr 2021-ci il tarixində uşaqlar üçün Anım Gününə həsr edilmiş tədbir təşkil olunub.
Görüşdə uşaqlar Vətən Müharibəsində qəhrəmancasına həlak olmuş şəhidlərin xatirəsinə həsr edilmiş sərgi ilə tanış olub, muzey əməkdaşları tərəfindən Vətən müharibəsi barədə ətraflı məlumat əldə ediblər. Bununla yanaşı, tədbirdə iştirak edən uşaqlar tərəfindən tarda “Qarabağnamə”, eləcə də, tar və kaman müşayiəti ilə “Xudayar təsnifi” ifa olunub.