Lənkəranda məişət zorakılığı və qadın hüquqları ilə bağlı seminar keçirildi

10 oktyabr 2016

Paylaş:

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) ilə birlikdə artıq 3 ildir ki, “Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşmanın dəstəklənməsi” regional proqramı çərçivəsində məişət zorakılığı, ailə münasibətlərində qadın hüquqları mövzularında layihəni həyata keçirir.  Carı il üçün layihə 8 rayonu əhatə edəcəkdir. Artıq Qazax və Şəmkir rayonlarında keçirilən seminarlarda 60 nəfər qadın və kişi iştirak etmişdir. Layihə çərçivəsində hər rayondan 30 nəfər qadın və kişi seçilərək hüquqi maarifləndirmə seminarlarına cəlb edilir.

Layihə üzrə növbəti seminar Lənkəran şəhərində təşkil edildi. Lənkəran şəhər İcra hakimiyyətinin təşəbbüsü ilə seminar şəhərin Gənclər Mərkəzində təşkil edildi. Seminarda kənd məktəblərinin direktorları, kənd yaradıcılıq evlərinin və mədəniyyət mərkəzlərinin rəhbərləri, həkimlər və digər kənd ziyalıları iştirak edirdilər.  Seminarı Lənkəran şəhər İcra hakimiyyətinin nümayəndəsi Könül Manafova açaraq layihə çərçivəsində növbəti seminarın Lənkəran şəhərinə salınmasına görə təşəkkürünü bildirdi və mövzunun əhəmiyyətindən bəhs etdi. Həmçinin o, son zamanlar Komitənin bu sahədə apardığı davamlı tədbirlərin yerlərdə verdiyi müsbət nəticələr barədə məlumat verdi. Seminarın birinci günü məişət zorakılığı haqqında, ikinci gün isə ailə münasibətlərində qadınların və kişilərin hüquqları üzrə mövzular müzakirə edildi. Seminarlarda Komitənin və GİZ-in birgə nəşri olan “Qadın hüquqları üzrə bələdçi” kitabı, Dövlət Komitəsinin nəşri olan “Azərbaycan Respublikasında Məişət Zorakılığının Qarşısının Alınmasına dair Qanunvericilik Toplusu” və Komitənin Ailə, Qadın jurnalı metodiki vəsait kimi iştirakçılara paylanıldı. İştirakçılara cəmiyyətdə bərabərhüquqlu sistemin formalaşması, zorakılığın qarşısının alınması istiqamətində 10 oktyabr 2010-cu ildə qəbul olunmuş “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” qanun, 22 iyun  2010-cu ildə qəbul olunmuş “Məişət zorakılığının qarşısının alınması haqqında” qanun haqqında, həmçinin məişət zorakılığı baş verəndə müraciət etmə qaydaları, mühafizə orderi və s. haqqında ətraflı məlumatlar verilmişdir. Seminarlarda ekspert kimi Komitənin Hüquqi təminat şöbəsinin müdir müavini Vəsilə Möhsümova iştirak etmişdir. Həmçinin GİZ-in nümayəndəsi Gülər Səfərova seminarlarda iştirak etmişdir.

Seminarın məqsədi insan hüquqlarının və azadlıqlarının təmin olunmasında, bərabərlik və inkişaf strategiyalarının həyata keçirilməsində bu gün ən ciddi maneələrdən biri olan məişət zorakılığı ilə davamlı mübatrizənin aparılmasının təmin olunması, qadınların cəmiyyətdə rolunun artırılması, sosial statuslarının yüksəldilməsidir.

Seminarın sonunda Lənkəranın Xanbulaq kənd tam orta məktəbinin direktoru Mərziyyə Əliyeva iştirakçılar adından Komitəyə və GİZ-ə maraqlı və faydalı maarifləndirmə işləri həyata keçirdiklərinə görə minnətdarlıq etdilər və bu tədbirlərin davamlı olması arzularını ifadə etdilər.

Seminarlar zamanı həmçinin bəzi iştirakçılara onların xahişləri əsasında yerindəcə hüquqi və psixoloji məsləhətlər verildi.