Azərbaycan Uşaqlarının Ümumrespublika Forumuna növbəti seçim turu Lerik və Yardımlıda keçirilib

22 sentyabr 2021

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, “Regional İnkişaf” İctimai Birliyi və UNICEF-in Azərbaycandakı nümayəndəliyinin birgə əməkdaşlığı ilə 2021-ci ilin noyabr ayında keçiriləcək Azərbaycan Uşaqlarının Ümumrespublika Forumuna seçim mərhələsi çərçivəsində öz intellektual keyfiyyətləri, fəallığı ilə seçilən, fikirlərini sərbəst izah edən uşaqların seçimi təşkil olunur.

Foruma növbəti seçim turu Lerik və Yardımlı rayonlarında təşkil olunub. Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Həsən Əliyev uşaqlarla “Erkən nikahların fəsadları”, “Narkomaniya ilə mübarizə”, “Uşaq hüquqlarının pozulması” və “Uşaqların təhsilə cəlb olunması” mövzusunda fikir mübadiləsi aparıb.

Tədbirdə iştirak edən 20 uşaq arasında seçilən iki fəal uşaq Azərbaycan Uşaqlarının Ümumrespublika Forumunda iştirak edəcək.

Forumun keçirilməsində məqsəd, uşaqların öz hüquqları ilə bağlı fikirlərini sərbəst şəkildə ifadə etməsi, qərar qəbul etməsi və problemin həlli istiqamətində təkliflər verməsi, uşaq hüquqlarının qorunması sahəsində ictimaiyyətin diqqətinin bu sahəyə artırılmasıdır.