Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzində “Uşaq hüquqlarının qorunması” adlı təlimlərə start verilib

14 sentyabr 2021

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzində (UADM) uşaq və yeniyetmələrin uşaq hüquqları sahəsində maarifləndirilməsi və asudə vaxtının səmərəli təşkili məqsədilə “Uşaq hüquqlarının qorunması” adlı təlimlərə start verilib.

Təlimlərdə şəhid, qazi və xüsusi qayğıya ehtiyacı olan ailələrin uşaqları, mərkəzin benefisiarları və könüllüləri iştirak edirlər.

Komitənin Regional Mərkəzlərlə iş şöbəsinin müdir müavini Aydın Rəcəbli açılış nitqi ilə çıxış edərək, uşaq hüquqlarının təmin olunmasının ölkəmizin qarşısında duran əsas məqsədlər sırasında olduğunu diqqətə çatdırıb, uşaqların öz hüquqlarını bilməsinin vacibliyini vurğulayıb. A.Rəcəbli uşaqlara təlimçiləri diqqətlə dinləməyi, burada öyrəndiklərini həmyaşıdları ilə bölüşməyi tövsiyə edib.

İki həftə davam edəcək tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin Strateji Planlaşdırma şöbəsinin müdiri Pərviz Əliyev, Övladlığa götürmə departamentinin müdir müavini Məftunə İsmayılova, Şüvəlan UADM-in əməkdaşları - psixoloq Mətanət Abdullayeva və Ləman Bayramlı, Vətən müharibəsi iştirakçıları - Murad Əfəndiyev, Ceyhun Ağayev və Fərrux Əliyev iştirakçılara uşaq hüquqları və psixologiyası, uşaqların hərbi vətənpərvərlik tərbiyəsi mövzusunda təlimlər keçəcək və təlim iştirakçıları üçün intellektual oyunlar təşkil ediləcək.

Tədbir çərçivəsində iştirakçıların “Hərbi Qənimətlər Parkı”, “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğu və Mərdəkan dendrarisinə ekskursiyası da nəzərdə tutulub.