Azərbaycan nümayəndə heyətinin Tvinninq layihəsi çərçivəsində Litvaya tədris səfəri başa çatdı
Paylaş:
Avropa İttifaqının maliyyələşdirdiyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Litva, Avstriyanın müvafiq qurumlarının birgə həyata keçirdiyi "Azərbaycanda məişət zorakılığı qurbanlarının təhlükəsizliyini və onlara dəstəyi təmin etmək üçün dövlət orqanlarının və yerli səviyyəli istiqamətləndirmə mexanizmlərinin potensialının gücləndirilməsi" adlı Tvinninq layihəsi çərçivəsində Litva Respublikasına tədris səfəri başa çatıb.
Səfər çərçivəsində 26 avqust 2021-ci il tarixində məişət zorakılığının qarşısının alınması istiqamətində təcrübənin öyrənilməsi ilə bağlı olaraq polis idarəsində görüş baş tutub.
Görüş zamanı Beynəlxalq layihələr şöbəsinin müdiri cənab Vidmantas Vadeikis qeyd edib ki, polis sistemində çalışan işçilərin 45 faizi, zabit heyətinin isə 40 faizi qadındır.
Çıxış edən Baş müstəntiq xanım Kristina Alisauskiene polisə daxil olan zənglərin əhəmiyyəti nəzərə alınmaqla 3 kateqoriyaya (A, B, C) ayrıldığını vurğulayıb. Xanım Kristina A. qeyd edib ki, A kateqoriyalı zənglərə ən gec 12 dəqiqə, B kateqoriyalı zənglərə isə 20 dəqiqə ərzində polisin hadisə yerində olmağı tələb olunur. Bildirilib ki, polis hadisə yerinə çatan andan videoçəkiliş üçün kameraları yandırmalı, bütün ibtidai araşdırma həyata keçirilməlidir.
Daha sonra məişət zorakılığı hallarına operativ cavab verilməsi sahəsində işlə tanışlıq məqsədilə Vilnüs 1 saylı Yerli Polis Bölməsində görüş təşkil edilib.
Daxili İşlər Nazirliyi Polis İdarəsinin İctimai Asayiş Kollegiyasının Müdaxilə və Hazırlıq Şöbəsinin baş müstəntiqi xanım İnqrida Lamanauskiene zorakılıq qurbanı olan qadınların aldıqları xəsarətin ballarla qiymətləndirilməsi və onlara psixoloji yardımın edilməsi barədə danışıb. Eyni zamanda, Vilnüs rayon bələdiyyə idarəsi bələdiyyə səviyyəsində məişət zorakılığı qurbanları üçün yardımın təşkili işi ilə tanış olunub, həmçinin məişət zorakılığı halları üzrə bələdiyyənin maliyyələşdirdiyi Mərkəzlər barədə məlumat verilib.
Görüşdə Məktəbəqədər Təhsil şöbəsinin mütəxəssisi cənab Valeriy Mordas, Sosial Xidmət şöbəsinin müdiri xanım Nadezda Buinickiene, Sosial İnteqrasiya alt şöbəsinin müdiri xanım İrena Kiselniene, Qurumlararası əməkdaşlıq və koordinasiya şöbəsinin müdiri xanım Lina Juskeviciene, Vilnüs Bələdiyyə İdarəsinin Sağlamlıq şöbəsinin baş mütəxəssisi cənab Bartlingas, Ümumi Təhsil Şöbəsinin baş mütəxəssisi xanım Rita Qaqişkien iştirak edib.
27 avqust 2021-ci il tarixində səfərin nəticələrinin yekunlaşdırılması məqsədilə Sosial Müdafiə və Əmək Nazirliyində görüş keçirilib və sözügedən sahə üzrə əməkdaşlığın perspektivləri müzakirə olunub.