Forum iştirakçıları üçün “Lider olmaq istəyirəm!” adlı yay məktəbi fəaliyyətə başlayıb

30 avqust 2021

Paylaş:

30 avqust 2021-ci il tarixində Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumuna hazırlıq məqsədilə iştirakçılar üçün “Lider olmaq istəyirəm!” adlı 10 günlük yay məktəbinə start verilib.

Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva və Komitə əməkdaşları, şəhid və qazi övladları daxil olmaqla Foruma seçilən namizədlər, Uşaq Səfirlər Məclisi üzvləri, təlimçi və ekspertlər iştirak edib.

Səfir uşaq Əsmər İsmayılova tədbiri açıq elan edərək qonaqları salamlayıb. Daha sonra Azərbaycan Respublikası himni səsləndirilib və Vətən uğrunda canlarından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Giriş sözü ilə çıxış edən sədr müavini Aynur Sofiyeva uşaqları salamlayaraq, yay məktəbinin başlaması münasibətilə təbrik edib. Yay məktəbinin Foruma hazırlıq mərhələsi olduğunu qeyd edən A.Sofiyeva, onların bilik və bacarıqlarını inkişaf etdirmək, respublikanın hər bir rayonundan olan uşaqlarla tanış olmaq, fikir mübadiləsi aparmaq, problem və uğurlarından danışmaq üçün gözəl platforma olduğunu dilə gətirib. Forumlarda uşaqların hər birinin liderlik keyfiyyətlərini daha da inkişaf etdirdiyinə diqqət çəkən sədr müavini, builki Uşaq Forumunda əvvəlkilərdən fərqli olaraq qalib ölkənin övladları kimi daha böyük həvəs, ruh yüksəkliyi ilə iştirak etdiklərini, eləcə də nəticələrinin də daha böyük uğurlara yol açacağını vurğulayıb.

Daha sonra Forumlarla bağlı film izlənilib və təlimlər başlayıb. Təlimlər dövlət qurumları, qeyri-hökümət təşkilatlarından olan mütəxəssislər, o cümlədən uşaq hüquqlarının müdafiəsi sahəsində ixtisaslaşmış ekspertlər tərəfindən aparılacaq.

Sentyabrın 10-dək davam edəcək yay məktəbinin keçirilməsində məqsəd Forumda müzakirə ediləcək mövzularla bağlı uşaqları məlumatlandırmaq, onları iştiraka hazırlamaq və tədbirlərin idarə edilməsi, liderlik keyfiyyətlərinin formalaşdırılması sahəsindəki bilik və bacarıqlarını inkişaf etdirməkdir.

Qeyd edək ki, Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumu Dövlət Komitəsi, “Regional İnkişaf” İctimai Birliyi  və UNİCEF-in Azərbaycandakı Nümayəndəliyinin birgə əməkdaşlığı çərçivəsində cari ilin noyabr ayında baş tutacaq.