64 il birgə ömür sürən Məmmədovlar ailəsi: “Hər şeydən qabaq ailədir”

27 avqust 2021

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin həyata keçirdiyi “Ailələrimizi tanıyaq” layihəsinin bu dəfəki qonaqları Şəki rayonunun Baş Göynük kəndində 64 il birgə yaşayan Məmmədovlar ailəsidir. Ömürlərini təsərrüfata həsr edən, 9 övladı, 15 nəvəsi, 8 nəticəsi olan Ağaəli və  Nərimə Məmmədovlar uzun illər mehribanlıq və qarşılıqlı hörmətlə birgə həyat sürərək yetişdirdikləri gənc nəslə nümunə ola biliblər. Bu gün Ağaəli baba, Məmmədovları uzunömürlü ailə edən bəzi məqamları bizə açıqlayacaq:

“Bizim ailəmizi Şəkidə hamı yaxşı tanıyır, adımızı həmişə böyük hörmətlə çəkirlər. Bu da təsadüfi deyil. Altmış ildən çoxdur ki, ailə qurmuşam, doqquz övlad böyüdüb boya-başa çatdırmışıq. Həyat yoldaşımla həmişə mehriban dolanmışıq. Bir-birimizə qarşılıqlı hörmət göstərmişik. O, ailə böyüyü kimi hər vaxt mənim sözümü urvatlı tutub. Övladlarımız da bizdən nümunə götürüblər. Çətinliklərə baxmayaraq bir-birimizin üzünə qayıtmamışıq. Öz halal zəhmətimlə ailəmi dolandırmışam. Hökumətimiz də sağ olsun, əməyimi yüksək qiymətləndirib, medalla təltif edib.  Ancaq ən böyük mükafatım xoşbəxt ailəmin olmasıdır. Çoxlu nəvə-nəticəm var. Çox şükür övladlarıma savad, təhsil verə bilmişəm. Onlar da öz ailələri ilə kənddə hamıya nümunədirlər. Onlara bu tərbiyəni biz vermişik.

Bizim ailədə həyat yodaşına, övlada qarşı artıq-əskik hərəkətə yol verilməyib. Söz düşəndə cavanlara həmişə öyüd-nəsihət verirəm. Onlara başa salıram ki, insan öz ailəsinin qayğısına qalmalıdır. Hər şeydən qabaq ailədir. Xırda-para çətinliklərə görə ailədə söz-söhbət yaratmaq olmaz. Mən ailəmlə, övladlarımla, nəvələrimlə fəxr edirəm”.

#Məmmədovlar #UzunömürlüAilələr #AilələrimiziTanıyaq #HərŞeydənQabaqAilədir #Şəki #Baş GöynükKəndi